Əhali "kənd yumurtası" adı ilə aldadılır? - AİB SƏDRİ DANIŞDI

"İllərdir ki, "kənd yumurtası" adı altında əhalinin aldadılması davam edir. Uzun müddətdir ki, broyler yumurtalarını kənd yumurtası adı ilə satırlar. Xüsusilə belə yumurtalar meyvə-tərəvəz dükanlarında, ara dükanlarında olur. Yəni, marketlər şəbəkəsinə daxil ola bilmir, əldə və bazarlarda satılır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: "Bu problem ölkənin hər yerində yaşanır. Bunu ayırd etmək üçün yumurtanın rənginə baxmaq lazımdır. Tünd ağ rəng həm broyler, həm də kənd yumurtası ola bilər. Yaxud çox tünd broyler yumurtası da olur. Əsl kənd yumurtası tündlə ağ arasında olan bir rəngdədir. Əlbəttə, bunu qırıb yoxlamaq olar. Daha sonra yumurtaların eyni boyda olmamasında anlamaq olar.

Qeyd edək ki, toyuqlar üç cür olur: broyler, yarım azad və tamam azad toyuqlar. Kənd yumurtası dedikdə tamam azad toyuqlar nəzərdə tutulur. Yəni, harada və necə gəldi yeyən toyuqlardır. Yarım azad toyuqlar isə açıq şəraitdə saxlanılır. Əksər hallarda quş yemləri ilə də yemlənir. Bir də var broyler toyuqları ki, onlar tam qapalı şəraitdə saxlanılır. Əhali kənd yumurtası dedikdə azad toyuq yumurtasını nəzərdə tutur. Təmiz kənd yumurtası bahadır. Xüsusilə şimal bölgəsində artıq 35-40 qəpiyə yüksəlib. Bəzi kənd yerlərində isə minimum 25 qəpikdir. Bunları seçmək elə də asan deyil. Marketlər şəbəkəsi olmayan yerlərdə bu cür malların heç bir sənədi olmur. Yalnız qırıb yoxlamaq olar. Bu zaman da gərək broyler yumurtası ilə yan-yana qoyub yoxlayasan".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə