Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Bakı Abadlıq Xidməti”nə bağlı olan “Laçın Abadlıq Xidməti”nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəs atəşə tutulub. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.
Qeyd edilib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub: “Ulu Öndər həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib”.
Xüsusi nümayəndə daha sonra Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. İndi doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağı əzəmətlə dalğalanır. Bu torpaqlarda böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır və ölkəmiz güclü dövlətə çevrilib.
Daha sonra Laçın rayon ağsaqqalı Osman Həsənov və şəhid Vaqif Salmanovun qızı Vüsalə Salmanzadə çıxış edərək, 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətini, azadlıq mübarizəmizdə oynadığı mühüm rolu və şəhidlərimizin igidliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və “Silahdaşlar” adlı sənətli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə