Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda “20 Yanvar – Qan yaddaşımız və qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib. Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgi də açılıb. SİA xəbər verir ki, baş konsulluqda Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin həm kədərli səhifəsinin, həm də azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq səhifəsinin yazıldığını bildirib.

Diplomat qanlı faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını deyib. O, faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu, baş vermiş faciənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdiyini, Azərbaycan xalqına qarşı edilən tarixi cinayət adlandırdığını qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin ruhunun şad olduğu anım tədbiri iştirakçılarının diqqətinə çatdırılıb.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqına və insanlıq əleyhinə törədilmiş terror aktı olduğunu, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində hadisələrə ilk hüquqi qiymətin verildiyini, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə daim dövlət qayğısının göstərildiyini, şəhidlərin əziz xatirəsinin hər zaman dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini vurğulayıb.

Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Özgün Talu da Azərbaycan dövlətinə və xalqına başsağlığı verib. O, müstəqillik yolunda canlarından keçmiş şəhidlərin xatirəsinin Türkiyə tərəfindən hər zaman uca tutulduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə şəhidlərin ruhunun artıq rahatlıq tapdığını bildirib.

Sonda 20 Yanvar faciəsindən bəhs edən “Qanlı şənbə gecəsi” sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə