20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb - FOTOLAR

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib. SİA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib və qəbirləri üzərinə əklil qoyublar.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sayəsində bu il şəhidlərimizin xatirəsini qürurla qeyd edirik: “Şəhidlərimizin qanı yerdə qalmadı”.

Çıxışçılar qanlı yanvarın ildönümündə Cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını deyiblər.

Tədbirdə 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib. 20 Yanvar hadisələrinin qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb. 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür.

Bütün xəbərlər Facebook səhifəmizdə