İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin önündə anım tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov 1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları gülləbarana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib.

“Biz bu gün, həmçinin Ümummilli Lider Heydər Əliyevi dərin ehtiram hissi ilə yad edirik. O, qanlı hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, bu cinayəti qətiyyətlə pislədi. Onun təşəbbüsü ilə 1994-cü ildə bu hadisəyə siyasi və hüquqi qiymət verildi, yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edildi”, - deyə diplomat vurğulayıb.

Səfir qeyd edib ki, anım tədbirinin Stokholmun mərkəzində yerləşən “Zorakılığa qarşı” abidəsinin önündə keçirilməsi rəmzi məna daşıyır və xalqımızın hər zaman sülhpərvər olmasına işarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə