Yanvarın 20-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib.
Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir də keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş etdirilib, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və bu faciənin qurbanlarından danışılıb. Ölkəmizdə 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyi bildirilib.
Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə 20 Yanvar gününün Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə