Boşanmalar ailə institutuna necə təsir göstərir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Ailə institutu cəmiyyətin özəyidir. Bu institut daimi olaraq inkişaf olunur və nəticə olaraq özünə xas olan bir model yaranır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyib.
O bildirib ki, biz bir neçə əsas ailə modellərini qeyd edə bilərik, bunlar Şərq, Qərb, Asiya və Afrika ölkələrinin modelləridir: "Ailə modelinin formalaşmasına təsir göstərən isə adət-ənənələr və dindir. Azərbaycanın ailə modeli özündə bir neçə modeli birləşdirir: Şərq, Qərb və Asiya. Bu model uzun illərin inkişafı prosesi zamanı formalaşıb.
Bu gün biz dünyada qloballaşma prosesinin şahidiyik və bu proses təkcə insanların həyat tərzinə yox eyni zamanda ailə institutunun formalaşmasına da təsir göstərir və illərlə formalaşan və cəmiyyətin özəyi olan ailə institutunun qorunması vacib məsələlərdən birinə çevrilib.
Son illər cəmiyyətdə yaşanan yeni bir tendensiya müşahidə olunur və bu tendensiya bizi narahat edir. Bu tendensiya öncədən planlaşdırılmış natamam ailə tendensiyasıdır, hansı ki, ailə institutunun formalaşmasına mənfi təsir göstərə bilər. Bu tendensiya və ya ailə modeli daha çox Avropa ölkələrində müşahidə olunur və onun xüsusiyyəti ondan ibarətdir ki, ailə bir valideyndən ibarətdir və bu da ailədə dünyaya gələn uşağın həm psixoloji, həm də mədəni olaraq formalaşmasında müəyyən boşluqların yaranmasına gətirib çıxardır. Hər bir uşağın tərbiyəsində hər iki valideynin iştirakı mütləqdir, bu uşağın şəxs kimi formalaşmasında eyni zamanda onun psixoloji cəhətdən möhkəmlənməsinə kömək edir.
Bu gün Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi ailə institutunun möhkəmlənməsində maraqlıdır, ailə institutu cəmiyyətin özəyi, bünövrəsidir. Onun möhkəmləndirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Biz komitə olaraq gənclər arasında ailə institutunun gücləndirilməsinə, eyni zamanda erkən nikah, qeyri-qanuni nikahların qarşısının alınması üçün vətəndaşların iştirakı ilə bir çox layihələr, tədbirlər, konfranslar keçirdib yeni qanun layihələri üzərində çalışırıq. Komitənin təkliflərinə əsasən Ailə Məcəlləsində aparılmış son dəyişikliklər ailə institutunun möhkəmlədirilməsinə və cəmiyyətin inkişafına mənfi təsir göstərən neqativ hallarının qarşısının alınmasına yönəlib. Bildiyiniz kimi, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarına müraciət edərək nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi. Ancaq təəssüf ki, bəzi valideynlər bundan sui-istifadə edib yetkinlik yaşına çatmayan övladını ərə verirdilər. Bu kimi halların qarşısının alınması üçün təqdim olunan qanun layihəsinə əsasən, bu hal ləğv edilib.
Digər dəyişiklik isə nikahın bağlanmasına mane olan halların sayının artırılması ilə bağlıdır. Qanun layihəsinə əsasən aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsi genişləndirilib. Bu qanun layihəsinin qəbul olunmasına əsas səbəb kimi, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərinin olduqca yüksək olmasıdır".
Onun sözlərinə görə, ailə institutuna mənfi təsir göstərən səbəblərdən biri ailələrin dağılmasıdır: "Boşanmaların səbəblərinin araşdırılması üçün Komitə tərəfindən 2020-ci ildə 2400-dən çox respondent arasında sorğu keçirilib. Keçirilmiş sorğuda iştirak edən şəxslərin çoxu boşanmanın səbəbləri sırasında aşağıda qeyd edilən faktorları vurğulamışdırlar: xəyanət, uşağın olmaması/sonsuzluq, zərərli vərdişlərə aludə olmaq, sosial şəbəkələr, ailə məsuliyyətini anlamamaq, kənar müdaxilələr, maddi səbəblər və s.
Boşanmaların mütləq əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır və bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin, ağsaqqal və ağbirçəklərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur, eyni zamanda sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir. Nəzərə alsaq ki, nikahın pozulması prosesində cütlüklə yanaşı uşaqlar da olduqca böyük travma alır, bu istiqamətdə hər zaman uşaqlarla da iş aparmaq olduqca düzgün olar. Bütün bunlar nəzərə alınaraq ailələrlə və uşaqlarla işləyən mütəxəssislər üçün Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilib.
Dövlət Komitəsi öz fəaliyyətində hər zaman nümunəvi, uzunömürlü ailələrin təbliğatına da geniş yer ayırır. Bu cür təbliğat, nümunəvi ailələrin tanıdılması, digər ailələr üçün bir stimul olur. Problem və çətinliklərlə üzləşmiş cütlüklər 50, 60 ildən çox birgə ömür sürmüş ailələrin həyat hekayəsini oxuyaraq, dinləyərək yalnız irəli addımlamaq və uğurlu ailə həyatını davam etdirmək üçün can atırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə