"Aşağı gəlirli ailələr inflyasiyanı daha çox hiss edir" - MÖVQE

"İnflyasiya istənilən iqtisadi sistemin ayrılmaz bir hissəsidir və onun təsiri ilk növbədə əhalinin gündəlik həyatında hiss olunur. Qiymət artımı ailələrin xərclərinə, gəlirin alıcılıq qabiliyyətinə və sosial rifah səviyyəsinə birbaşa təsir etdiyinə görə onun real təsirinin düzgün qiymətləndirilməsi dövlət siyasətinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "İnflyasiyanın ailələr üçün necə “hiss olunan” nəticələr yaratdığını müəyyənləşdirmək üçün müxtəlif iqtisadi və sosial göstəricilərdən istifadə olunur. Bunlardan biri İstehlak Qiymətləri İndeksidir (CPI).

İstehlak Qiymətləri İndeksi (CPI) inflyasiyanı ölçmək üçün əsas göstəricilərdən biridir. İngilis dilində Consumer Price Index adlandığına görə abbreviaturası iqtisadi ədəbiyyatlarda CPI kimi keçir. Qısacası, inflyasiyanın ailələrin real xərclərinə təsirini ölçmək üçün istifadə olunan əsas göstərici CPI-dir. CPI ailələrin gündəlik istehlak etdiyi mallar və xidmətlərdən ibarət standart “istehlak səbəti”nin qiymət dəyişikliyinə məruz qalmasını göstərir. Bu səbətə ərzaq, geyim, nəqliyyat, kommunal xidmətlər, təhsil, səhiyyə və digər xərclər daxildir.

CPI-nin yüksəlməsi ailələrin eyni miqdarda məhsul almaq üçün əvvəlkindən daha çox pul xərcləməli olması deməkdir. Xüsusilə ərzaq, nəqliyyat və enerji qiymətləri kimi əsas kateqoriyalarda baş verən bahalaşma aşağı gəlirli ailələrin xərclərinə daha çox təsir edir. Bu səbəbdən CPI inflyasiyanın sosial təsirini anlamaqda mühüm rol oynayır. İqtisadi nəzəriyyədə CPI-nin inflyasiyanı təqribən ±1% aşağı və ya yuxarı göstərdiyi qeyd olunur. Çünki istehlak səbətinə daxil olmayan malların qiymətində baş verən artımlar indekstə əksini tapmır. Bu baxımdan inflyasiyanı daha dəqiq ÜDM deflyatoru ölçür. Çünki ÜDM deflyatoru iqtisadiyyatda bir il ərzində istehsal olunan bütün son məhsulların qiymətlərində meydana gələn artımı ölçür. Amma təcrübədə inflyasiyanın ölçülməsində daha çox CPI-dən istifadə olunduğunun şahidi oluruq.

İnflyasiya yalnız qiymətlərin artması deyil, həm də ailələrin gəlirinin real dəyərinin azalması ilə nəticələnə bilər. Bu səbəbdən ailələrin rifah səviyyəsini qiymətləndirmək üçün real gəlir göstəricisindən istifadə edilir. Real gəlir nominal gəlirin inflyasiya ilə düzəldilmiş formasıdır: "Real gəlir = Nominal gəlir artımı – İnflyasiya dərəcəsi" Əgər ailənin nominal gəliri 8% artmış, inflyasiya isə 7% olmuşsa, real gəlir 1% artmış olur. Bu, ailənin əvvəl aldığı məhsulları nisbətən daha çox miqdarda ala bilməsi deməkdir. Bu baxımdan real gəlirin monitorinqi inflyasiyanın doğurduğu sosial yükü ölçmək üçün vacibdir.

Əhalinin müxtəlif təbəqələri inflyasiyanı eyni dərəcədə hiss etmir. İnflyasiyanın real təsiri ailələrin xərclər strukturundan çox asılıdır. Aşağı gəlirli ailələrin istehlak səbətində qida və kommunal xidmətlərin payı yüksək olduğuna görə bu kateqoriyalarda qiymət artımı onlara daha ağır təsir edir. Ailələrin yaşayış səviyyəsinə inflyasiyanın real təsirini ölçməyin digər mühüm yolu yaşayış minimumu və minimum istehlak büdcəsi ilə müqayisədir. Yaşayış minimumu bir şəxsin ən əsas ehtiyaclarını ödəmək üçün tələb olunan minimum vəsaiti göstərir.

İnflyasiyanın real təsirini statistika ilə ölçmək bəzən kifayət etmir. Buna görə ailə büdcəsi sorğuları keçirilir. İnflyasiya nəticəsində ailələrin istehlak etdiyi məhsulların həcmi azalırsa, bu, sosial rifahın pisləşməsinin göstəricisidir. Qiymət artımları və inflyasiya ailələrin həyatına müxtəlif istiqamətlərdə təsir edir və bu təsiri ölçmək üçün çoxşaxəli metodlardan istifadə olunur. 2025-ci ilin göstəricilərinə görə illik inflyasiya 5,7% olmuşdur. Qida məhsullarında artım 6,6%, qeyri-qida məhsulları üzrə artım 2,1–2,6%, xidmətlər üzrə artım isə 4,9% təşkil etmişdir. Bu da o deməkdir ki, gündəlik ərzaq, kommunal xidmətlər və xidmət sektorunda qiymət artımı hiss olunur. 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 087,7 manat olmuşdur. Bu rəqəm 2024-cü illə müqayisədə təxminən 9,5–9,7% artıb. Eyni zamanda, DSK 2025-ci ilin ilk səkkiz ayında nominal gəlirlərin artdığını, inflyasiyanın isə 4,9% olduğunu bildirir. Bu göstəricilərdən görünür ki, nominal gəlirlər qiymət artımından bir qədər sürətlə artmışdır. Bu da bəzi ailələrdə real alıcılıq qabiliyyətinin (ən azından orta səviyyədə) qorunub saxlanmasına imkan verir.

Amma bu, “orta” göstəricilərdir. İnflyasiyanın təsirləri aşağı gəlirli, kirayədə yaşayan və ya əsas xərcləri (qida, xidmət, kommunal) yüksək paya sahib olan ailələr üçün daha ağır ola bilər. 2025-ci il üçün dövlət tərəfindən təyin edilmiş yaşayış minimumu belədir:

Ümumilikdə (orta) – 285 manat,
Əmək qabiliyyətli şəxslər – 305 manat,
Pensiyaçılar – 232 manat,
Uşaqlar üçün – 246 manat.

Bu rəqəmlər ailənin minimum yaşayış səviyyəsinin “kifayət qədər olması” üçün nəzərdə tutulur, yəni ərzaq, kommunal xidmətlər, bəzən geyim və digər əsas xərcləri qarşılamaq üçün zəruri məbləğdir. Əgər ailənin real gəlirləri bu məbləğdən çoxdursa, deməli, minimal tələbatları ödəyə bilir. Lakin inflyasiya şəraitində qiymətlər artdıqca bu minimum ailə üçün real başa gələn xərclər baxımından yenidən qiymətləndirilir. Bütün bunlar nəzərə alınaraq 2025-ci ilin 1 iyul tarixinə kimi 80,3 min ailəyə ünvanlı sosial müavinət verilmişdir. Bu da təxminən 353,3 min nəfəri təşkil edir. Bu kimi yardımlar yoxsulluq riskini azaldır və ailə büdcəsində əlavə gəlir yaradır. Bu baxımdan hökumət inflyasiyanın təsirlərini minimallaşdırır.

Hər il olduğu kimi, hökumət inflyasiyanın real alıcılıq qabiliyyətini azaltmaması üçün adətən əməkhaqlarını, pensiyaları və minimum yaşayış həddini illik inflyasiya tempinə uyğun artırır. 2025–2026-cı illərdə illik inflyasiyanın 4–6 faiz diapazonunda olduğunu nəzərə alsaq, əməkhaqqı və pensiyaların minimum 10%-lik artımının şahidi ola bilərik. 2026-cı ilin büdcəsi ilkin oxunuşda Milli Məclisdə qəbul edilmişdir. Belə ki, sosial xərclərə ümumi büdcənin 41%-i, yəni 17,1 milyard manat ayrılmışdır. Burada da növbəti ildə əməkhaqqı və pensiyaların minimum 10% artırılması üçün imkan vardır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə