Pirotexniki vasitələrin qanunsuz satışına kim icazə verir? - EKSPERT VƏ QURUMDAN AÇIQLAMA

Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Artıq bayram əhval-ruhiyyəsi hiss olunur. Bu, özünü təkcə küçə və prospektlərin, meydanların bəzədilməsində yox, həm də pirotexniki vasitələrin partlayış səsində, atılan rəngbərəng fişənglərdə də hiss olunur. Baxmayaraq ki, bu cür vasitələrin istifadəsi qadağan olunub. Bəs bu cür vasitələr hardan gəlir? Hansı təhlükəsi var?

Mövzu ilə bağlı SİA-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, partlayıcı məmulatların indiki dövrdə istifadə olunması qanunla qadağandır: "Nəzərə almaq lazımdır ki, bu cür vasitələr insanların həyat və sağlamlığı üçün təhlükə riski daşıyır. Həm ətraf mühitə, ekologiyaya, ictimai asayişin pozulmasına, yanğın təhlükəsinə gətirib çıxarır. Ona görə, mütləq bu cür vasitələri istifadə etməmək lazımdır. İstifadəsi zamanı isə mütləq normativ tələblərə əməl etmək lazımdır. Təbii ki, dövlət tərəfindən qadağan olunduğu üçün. Tələblərə riayət etməyə ehtiyac da qalmır. Əfsuslar olsun ki, buna uşaqlar daha çox maraq göstərirlər. Bəzən valideynlər bu cür məmulatları uşaqlara alıb verir. Bu da olduqca təhlükəlidir. Çünki bu cür vasitələrin təhlükəsizlik sertifikatları, təlimatları yoxdur".

Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib ki, pirotexniki vasitələr “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə daxil edilib.

"Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu bəndinə əsasən pirotexniki vasitələrin mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Eyni zamanda, sözügedən Siyahının 1-ci qeydinə əsasən pirotexniki vasitələrin idxalı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir.

Beləliklə, pirotexniki vasitələri idxal etmək istəyən şəxs tərəfindən qeyd olunan sənədlərin gömrük bəyannaməsi ilə birgə gömrük orqanlarına təqdim edilməsi tələb edilir.

Gömrük orqanları pirotexniki vasitələrin qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün ardıcıl və təsirli tədbirlər həyata keçirir. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük idarələrinin hər biri yeni, müasir texniki nəzarət vasitələri ilə, habelə iri qabaritli yüklərin yoxlanılması üçün ən qabaqcıl yoxlama-baxış sistemləri ilə və digər avadanlıqlarla təchiz olunmuşdur. Gömrük buraxılış məntəqələrində nəqliyyat vasitələri və yüklər texniki nəzarət vasitələri və kinoloji itlər vasitəsilə yoxlanılır, risklərin analizi və qabaqcıl texnologiyaların tətbiqi, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələrin gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi cəhdləri vaxtında aşkarlanır. Belə ki, son 3 il ərzində gömrük orqanları tərəfindən 1 165 846 ədəd pirotexniki vasitənin qanunsuz yollarla gömrük sərhədindən keçirilməsinin qarşısı alınmış, bu əməlləri törədən şəxslər barəsində cinayət və inzibati məsuliyyət tədbirləri həyata keçirilmişdir".

Müəllif: Seyranə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə