Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabr ayının 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, nazir əvvəlcə Balakən rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Zaqatalada yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə