"Yol-nəqliyyat hadisələrinin səbəbi nə sürət, nə də yolların dar olmasıdır". Bunu SİA-ya açıqlamasında yol hərəkatı üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O bildirib ki, sürət rejimini pozmaq yol-nəqliyyat hadisələrinin səbəbi deyil, nəticəsidir: "Ona görə pozulur ki, sürət rejimini pozanın sürət haqqında təsəvvürü yoxdur.
Bizdə yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı var idi. 2018-ci ildə qəbul olunmuşdu, 5 illik proqram idi. İcra olunmadı. Bu proqramda hər şey, bütün səbəblər göstərilmişdi. Bu səbəblərdən biri də sürücü hazırlığı prosedurundakı səhvlərdir, boşluqlardır. Avtomobil elə bir texnikadır ki, onu təhlükəsiz idarə etmək üçün gərək lazımi səviyyədə sürücü hazırlansın. Sürücülük məktəbi oxumalı, təlim keçilməlidir, daha sonra da obyektiv imtahan vermək lazımdır. Bu prosedurları keçməyən adam təbii ki, peşəkar deyil. Sadəcə iki şey, sükanı fırlamağı, bir də pedalları basmağı bilir. Elə sanır ki, avtomobil at kimidir. Onun təsəvvürü yoxdur, problem buradan qaynaqlanır. Qeyri-peşəkarlıq isə onun günahı deyil. Sürücünü hazırlamaq lazımdır, sistem olmalıdır. Adam sistemi keçməmiş özünə sürücü olmağı rəva bilməməlidir. Sistem də onu yola buraxmamalıdır".
"Yenə də çoxlu səbəblər var. Qaranlıq küçələr səbəblərdən biridir. Ona görə də, qəzalar çox olur. Avtomobil parkının köhnəliyi səbəblərdəndir. Köhnə avtomobildə xırda bir problem yarandıqda idarəetmə itirilir. Xırda qəza olan kimi həmin avtomobil sıradan çıxır, içindəkilərə çox ağır xəsarətlər verir, ölüm baş verir. İnfrastruktur da digər məsələlərdəndir. Məsələn, nişan, xətt görünmür, svetoforun işıqları bəzən görünmür və sair. O cümlədən, yoldakı qüsurlar həm də çalalardır. Əsas səbəblərə yanaşmalardakı səhvləri göstərə bilərik. Qısası bu dəqiqə Azərbaycanın yol-nəqliyyat təhlükəsizliyi ilə bağlı ciddi işlər görülmür. Görülən işlər sadəcə cari, yola verilməyə yönəlmiş işlərdir. Köhnə işlər də dövlət proqramında var idi. Dünyanın təcrübədən keçirdiyi işlər idi. Bunlar hamısı kağız üzərində qaldı. Onları icra etmək lazımdır. Yol hərəkəti təhlükəsizliyinə yanaşmada təfəkkürdə tamam yeni yanaşma formalaşmalıdır.
Yeni təfəkkür tərzi yaranmalıdır. Cəmiyyətə təhlükəsiz davranış tərzi aşılanmalıdır ki, yol, nəqliyyat nədir, nə olar, nə olmaz. Yol-nəqliyyat hadisəsi baş verəndə kimin günahkar olduğu düşünülməməlidir. Tez araşdırılmalıdır ki, niyə və nə üçün burada baş verdi? Ora yönəlik problem varsa, o aradan qaldırılmalıdır. Tipikdirsə, ümumiləşdirmədən sonra başqa yerlərdə həmin problem varsa, orada da aradan qaldırılmalıdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə