“İnsanlara gələcək üçün yön verən ədəbiyyat nümunələri çox azdır“ - SOSİOLOQ DANIŞDI

“Hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Texnologiyalar, sosial media, rəqəmsal sistem mövcud olana və bu qədər inkişafa edənə qədər insanlar daha çox mütaliəyə, bədii ədəbiyyat oxumağa üstünlük verirdilər. İndi isə insanlar daha çox sürətli şəkildə bilgi əldə etməyə üstünlük verirlər. Eyni zamanda bu gün zamanın ruhunu əks etdirən, zamanla səsləşən, insalara gələcək üçün yön verən ədəbiyyat nümunələri çox azdır. Hazırda qlobal miqyasda da hadisə ola biləcək əsərlərin sayı yox dərəcəsindədir, sanki ideyalar tükənib”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, müxtəlif cəmiyyətlərdə maraqlı hadisələr baş verir: “Azərbaycanda da keçdiyimiz bir neçə il ərzində tarixi əhəmiyyəti böyük və mühüm olan hadisələr yaşandı. Azərbaycanın zəfər tarixi çox gözəl bədii ədəbiyyat nümunəsidir. Lakin hələ biz bu istiqamətdə oxucunu heyrətləndirəcək bədii əsərə rast gəlməmişik.
Bütövlükdə insanların diqqətini cəlb edən, trendə çevrilə biləcək ədəbiyyat nümunələri azdır. Güman edirəm ki, insanların mütaliə etmək bacarığının zəifləməsinin bir səbəbi də məhz budur.
Eyni zamanda oxu mədəniyyətini təşviq etmək lazımdır. Bunun üçün ən maraqlı üsullardan biri tanınmış ziyalıların oxuduğu ədəbiyyət nümunələri ilə bağlı gənclərə KİV və ya müxtəlif görüşlər şəklində məlumatlar verilməsidir. Milli-mənəvi dəyərlərin formalaşmasını təbliğ edən ədəbiyyat nümunələrinin gənclər tərəfindən oxunmasını təşviq etmək çox vacib amildir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə