Dmitri Peskov Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdə münaqişənin genişlənməsinin region üçün fəlakətli nəticələrə səbəb olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, jurnalistlərə açıqlama verən Dmitri Peskov bölgədəki hərbi əməliyyatların genişləndiyini, Livan cəbhəsinin də bu münaqişəyə əlavə olunduğunu qeyd edib.

O, münaqişələrin mülki infrastrukturun məhvinə və on minlərlə insanın evlərini, dolanışıq vasitələrini və işlərini itirməsinə səbəb olduğuna diqqət çəkib. Dmitri Peskov münaqişə sahəsinin genişlənməsindən bəhs etmək istəmədiyini vurğulayaraq "Bütün bunların nəticələri region üçün fəlakətli olacaq" deyib.

Ukraynanın atəşkəsə hazır olub-olmadığına dair heç bir siqnalın olmadığını bildirən Dmitri Peskov bu mövzuda mətbuatda çox sayda spekulyasiyaların yayıldığını qeyd edib. O, eyni zamanda Ukraynada döyüşmək üçün Şimali Koreyadan qoşun göndərildiyi ilə bağlı yayılan iddiaları da təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə