Sülh danışıqları nə vaxt bərpa oluna bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan bundan sonra Rusiyadan Qərbə doğru dönüş və inteqrasiya addımlarını sürətləndirəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistan Rusiyanın Avrasiya məkanında yeni təhlükəsizlik prinsipləri ilə bağlı sənədini imzalamaqdan imtina etdi: "Bu, ona Rusiyadan yan keçən yeni təhlükəsizlik sxemləri axtarışında əlavə imkanlar yaradacaq. Eyni zamanda Rusiyanın məruz qaldığı sanksiyalara qarşı yönəldilmiş bəyanatı imzalamaqdan da imtina etdi ki, bu da ona Qərb ölkələri ilə manevr imkanlarını bir qədər də yaxşılaşdırmaq imkanı verəcək. Bundan sonra Ermənistanın hərəkətlərinin ən pis nəticələri özünü Azərbaycanla sülh danışıqlarında göstərəcək.

Sülh danışıqlarının yanvar ayına qədər bərpa olunma ehtimalı çox zəifdir. Çünki əgər rus sərhədçiləri 2025-ci ilin yanvarında Ermənistan-İran sərhəddindən çıxmaqla bağlı razılıq əldə ediblərsə, demək Paşinyan yanvar ayına qədər sülh danışıqlarının bərpa olunmasında maraqlı olmayacaq. Onun böyük nailiyyətlərindən biri danışıqlar prosesində Rusiyanın iştirak formatını birmənalı kənara qoymasından ibarətdir. Çünki MDB çərçivəsində sənədlər imzalanmadısa, Rus qoşunları Ermənistan sərhədlərindən çıxarılırsa, deməli, siyasi təhlükəsizlik baxımından Ermənistanın Rusiyadan asılılığı getdikcə zəifləyir. Belə şəraitdə Ermənistan Azərbaycanla sülh danışıqları prosesində Moskvanın iştirak platformasına ümumiyyətlə meyillənməyəcək. Artıq Ermənistanda belə hesab edirlər ki, Azərbaycanla normallaşma prosesindən Rusiyanı tamamilə vurub çıxardıblar. Ermənistan bundan sonra Azərbaycanla normallaşma prosesini mümkün qədər ləngitməyə çalışacaq. Ləngitmək mümkün olmayan yerlərdə isə onun əsasən Qərb platformalarında, yəni Vaşinqton, Brüsseldə aparılması variantlarına daha çox üstünlük verəcək".

"Eyni zamanda Rusiyanın Ermənistanla əldə etdiyi son razılaşma ilə Zəngəzur dəhlizinin təhlükəsizlik məsələsində Azərbaycanın qarşısında Ermənistanın mövqeyini əslində gücləndirib. Çünki Rus sərhədçilərinin Ermənistan-İran sərhəddindən çıxması o deməkdir ki, ya Zəngəzur dəhlizinin açılma perspektivi daha da uzaqlaşdırıldı, ya da o açılacağı təqdirdə onun təhlükəsizliyi artıq Ermənistan silahlı qüvvələrinin əlində olacaq. Bunlar da, təbii ki, həm bölgəmizdə sülh üçün, həm də Azərbaycanın mənafeləri baxımından yaxşı perspektiv deyil - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə