Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 11-də Almaniyaya səfər edəcək. SİA "Spiegel" nəşrinə istinadla xəbər verir ki, Volodimir Zelenski səfər çərçivəsində Kansler Olaf Şolts və Prezident Frank Valter-Ştaynmayer ilə görüşlər keçirəcək.
Ukrayna Prezidenti bu səfərdən bir gün əvvəl Parisdə olacaq.
Xatırladaq ki, Ukrayna Müdafiə Təmas Qrupunun Almaniyanın Ramştayn hava qüvvələri bazasında təşkil olunacaq toplantısı oktyabrın 12-nə planlaşdırılmışdı. Lakin ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlarda tüğyan edən "Milton" qasırğası ilə əlaqədar bu görüşdə iştirakını təxirə salıb. Kansler Olaf Şolts "Ölkəmdə belə fırtınalar baş verərsə, mən də belə qərar qəbul edərdim" deyərək bu qərarı anlayışla qarşıladığını vurğulayıb.
Təmas qrupu Ukraynaya silah və sursat yardımı göstərən 50 ölkəni əhatə edir. Ramştaynda müdafiə nazirləri səviyyəsində indəyədək bir neçə toplantı keçirilib. Oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan görüş isə dövlət başçıları səviyyəsində ilk toplantı olacaqdı.
Bütün xəbərlər Facebook səhifəmizdə