Ermənistan üçün "xaç atasına" çevrilənlər...

Uzun on illiklər ərzində erməni işğalına dəstək olanlar, Azərbaycana qarşı işğal siyasətini dayandırmaq və problemi həll etmək əvəzinə bu münaqişəni sonsuza qədər “dondurmaq” üçün çapalayanlar, 44 günlük zəfər müharibəsindən sonra bizə qarşı daha amansız şəkildə düşmənçilik siyasəti yürüdürlər. Azərbaycanın 30 illik erməni işğalına son qoyması bu irtica qüvvələrini necə yandırıb-yaxıbsa, qərbin “demokrat cənabları”, var gücləri ilə Ermənistanı qanlı oyunlarına sürükləmək, revanşist qüvvələri hərəkətə gətirmək üçün açıq həyasızlığa başlayıblar.
Buyurun, ABŞ-dan olan 60 ermənipərəst konqresmen Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Əlbəttə, belə “müraciətin” hansı siyasi mətbəxlərdə hazırlanması və siyasi gündəmə gətirilməsi elə bir sirr pərdəsi deyil. Onsuz da hər kəs hər şeyi əla görür...
Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə səsləndirdiyi fikirlər, əslində, ədalətsizliyə və qərbin ikili standartlar siyasətinə qarşı Azərbaycanın haqq səsidir. Müstəqillik qazandıqdan bəri bu ikili standartlardan başımızın çəkmədiyi qalmadı. Və bu siyasi riyakarlıq günü bu gün də davam edir...
Son bir neçə il ərzində daima Azərbaycana qarşı əsl düşmən siyasəti yürüdən hazırkı Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda Nyu-Yorkda BMT kürsüsündən Ermənistanın lehinə danışması, Azərbaycana qarşı isə böhtan və hədyanlar səsləndirməsi bir daha Qərbin həm də Türk dünyasına qarşı düşmənçilik münasibətini ortaya qoydu. E.Makronun Azərbaycanı “təzyiq göstərən” kimi qələmə verən sözləri yalnız Ermənistanın tarixi arzularını dəstəkləmədi, eyni zamanda, Qərbin Azərbaycana qarşı uzun illər davam edən mövqeyini bir daha nümayiş etdirdi. Diqqət edək: Azərbaycanın Qarabağda apardığı haqlı mübarizəsinin davam etdiyi bir dövrdə bu sözlər tarixin bir daha təkrarlandığını bizə göstərdi. E.Makronun BMT ali tribunasından bu cür sözlər sərf etməsi, həm də Fransanın Ermənistanı illərdir silahlandıraraq və siyasi sahədə dəstəkləyərək bölgədə gərginliyi artırmaq istədiyinə əyani sübutdur. E.Makronun “Ermənistanın sərhədlərinin qorunması” çağırışı, əslində, Fransanın ikili standartlara əsaslanan xarici siyasətini əks etdirir. Fransa imperialist keçmişindən qalan vərdişləri ilə bölgədə Azərbaycanın haqlı mübarizəsini gözardı edərək, ədalətsiz mövqe sərgiləməkdədir.

Amma təkcə Fransamı? –qətiyyən! Bura ABŞ, Avropa İttifaqı kimi Qərb siyasi qüvvələrini də mütləq əlavə etməliyik. Təkcə ABŞ-ın “yardım” adı ilə Ermənistana ayırdığı yüz milyon dollarları, Aİ-nın Ermənistanda hərbləşmiş məntəqələr qurmasını, Ermənistanın “özünümüdafiə hüququ” barədə cəfəngiyyat dolu mövqeni əsas gətirib rəsmi İrəvanı əsl silah bazasına çevirmələrini xatırlatmaq kifayətdir ki, ikili oyunlar hazırlayan Qəbin həm də ikili standart üzünü görə biləsən. Qitənin digər yerlərindən hörmətsiz şəkildə qovulan Fransanın və onun prezidentinin xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana silah tədarükünü intensivləşdirməsi qətiyyən gözdən yayına bilməz.

İndi daha aydın görünür ki, Ermənistan və onun havadarları Azərbaycanın 200 illik separatizmə, terrorizmə son qoymasını, ərazi bütövlüyünün bərpasını qəbul edə bilmirlər. Azərbaycanın Cənubi Qafqazda söz sahibi ölkəyə çevrilməsi Qərbdəki ermənipərəstləri, bölgədə qanlı planlar qurub öz maraqlarını yeritmək istəyənləri ciddi narahat edir.
Daima ermənilərə qarşı simpatiyası ilə diqqət çəkən bu qüvvələrlə bağlı digər bir məqama diqqət çəkək. Artıq Qərbdəki mədəni irs qurumları da siyasi alət rolunda çıxış edirlər. Zaman-zaman Azərbaycan əleyhinə məntiqsiz açıqlamalarla gündəmə gələn beynəlxalq mədəni irs təşkilatları niyə görə Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmadılar? Gözləri kor, qulağları kar idimi?-qəti! Sadəcə, onlar ikili siyasətin təlimatlarına görə “düşünür” və hərəkət edirlər. İkili standartların köləsi olan Qərb siyasəti, başqa heç nə!”

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə