Saxta xəbər torundan necə qorunaq? - ÇIXIŞ YOLLARI BUNLARDIR - AÇIQLAMA

“Artıq "fake" xəbərlər əvvəlki məzmununu itirir. Belə ki, hazırda "fake" xəbərin dünyada bir neçə növü mövcuddur. Xüsusilə “Deepfakes” və dezinformasiyalar təhlükəli hal alıb. Bu cür informasiyalar törətdikləri nəticəyə və yaranma formalarına görə təhlükəli hesab olunurlar. "Fake" xəbərlərin “misinformation” adlanan qolu təsadüfən ortaya çıxan yanlış xəbərləri ehtiva edirsə, dezinformasiya və “deepfakes” düşünülmüş şəkildə yaradılan yalan xəbərlərdir. Bu cür yalan xəbərlər böyük cinayətkar dəstələr, legitim qruplar və böyük güc mərkəzləri tərəfindən istehsal olunaraq dövriyyəyə buraxılır”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

O bildirib ki, “EekadFacts” internet resursunun yaydığı xəbər “deepfakes” hesab olunur: “Çünki fərqli səs yazılarından, yanlış məzmunlu məlumatlardan istifadə etməklər cəmiyyətdə çaşqınlıq yaradıb, öz məqsədlərinə nail olurlar. Məzmununa və texniki baxımdan onlayn medianın inkişafına uyğun olaraq dezinformasiya və “deepfakes”in də kəmiyyəti getdikcə yüksəlir. Bu baxımdan rəqəmsal texnologiyalar və internet resursları “deepfakes”in yaradılması və yayılması üçün xüsusi şərait yaradır. Bu baxımdan da hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin bu cür məsələlərə reaksiya verməsi cəmiyyəti ayıltmaq və məsələyə aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir. Lakin bu istiqamətdə yeni addımlar da atılmalıdır. Artıq dünyanın bir çox ölkələrində dezinformasiya və “deepfakes” ilə mübarizə sahəsində xüsusi iradələr yaradılır. Həmin iradələr onlara verilən səlahiyyətlər sayəsində yayılan dezinformasiyalara qarşı daha operativ mübarizə aparırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə