“Qərb Gürcüstanla bağlı xain planlarında fiaskoya uğrayacaq” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Gürcüstanın müstəqil siyasət yeritməsi Qərbi ciddi formada narahat edir. Buna görə də Qərb əlindəki bütün təsir və təzyiq imkanlarından istifadə edərək Gürcüstanı qarışdırmağa, vəziyyəti mürəkkəbləşdirməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu günə qədər müxtəlif QHT adları ilə Gürcüstan ərazisini özünün çirkli niyyətləri üçün istifadə etməyə çalışan qlobal imperializmə Gürcüstan hakimiyyəti “Xarici Agentlər Haqqında” qanun layihəsini qəbul etməklə böyük zərbə vurdu: “Bu gün də görünən odur ki, Gürcüstanın daxilində ciddi formada narahatlıq hökm sürür. Belə ki, Gürcüstandakı vəziyyəti qızışdırmaq istəyən xarici güc faktorları hələ də Gürcüstanın “Xarici Agentlər Haqqında” qanun layihəsini qəbul etməsi ilə bağlı dövləti sıxışdırmağa davam edirlər.

Sözügedən qanun layihəsinin qəbul olunmasından sonra Gürcüstana hücum edən Qərbin bundan sonrakı dövrdə başqa yollara da əl atacağı gözləniləndir. Qərb bütün bunlarla çalışır ki, Gürcüstandakı ictimai-siyasi xaosu daha da dərinləşdirsin. Bu baxımdan da Gürcüstanda gözlənilən parlament seçkiləri ərəfəsində Qərbin Gürcüstana hücum etməsi daha da aktuallığını artıracaq. Belə ki, müxtəlif dezinformasiyalar yaymaq, ölkə daxilində çaşqınlıq yaratmağa çalışacaqlar. Lakin Gürcüstan artıq kifayət qədər güclü dövlətçilik elementlərinə malikdir. Bu səbəbdən də Qərb Gürcüstanla bağlı xain planlarında fiaskoya uğrayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə