“Bədənin görünməyən hissəsinə tatu vurdurulması hər kəsin şəxsi işidir” - VƏKİL DANIŞDI
"Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında “dress kod” deyilən geyim qaydaları müəyyən olunur. Türkiyədə isə bu barədə xüsusi qanun var. Ancaq Azərbaycanda qanunvericilik bu məsələni birbaşa tənzimləmir və bu barədə hər hansı qanun qəbul edilməmişdir. Lakin hər bir şirkət və ya dövlət orqanı sərbəst iradə ifadəsi əsasında öz işçiləri üçün müəyyən geyim qaydaları müəyyən edə bilər və dress kod qaydalarını yalnız öz işçilərinə münasibətdə tətbiq edə bilər". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, qaldı ki tatuya (tatuaj, döymə) görə işçinin işdən çıxarılması məsələsinə bu hissə bir az mübahisəlidir: "Məsələn, polis və ya prokurorluq əməkdaşı üzünə və ya görünən hissəsinə “tatu” vurdurarsa, cəmiyyətdə həmin əməkdaşa qeyri-ciddi münasibət yaranar, bu da həmin orqanların nüfuzuna zərbə vura bilər. Yəni göstərdiyi xidmətin xarakteri və daxili xidmət nizamnaməsi ona imkan vermir ki, o, bədəninin görünən yerinə döymə vurdursun. Bədənin görünməyən hissəsinə tatu vurdurulması hesab edirəm ki, hər kəsin şəxsi işidir”.
“Bir başqa nümunə göstərək. Məsələn, hər hansı şirkətin işçisi olan motosiklet və ya moped sürən kuryeri tatu vurdurduğuna görə işdən azad etmək qanunsuz olardı. Belə ki, onun gördüyü işin xarakteri tatu vurdurmağa imkan verir. Yəni, motosiklet sürən bir şəxsin bədəninə tatu vurdurması cəmiyyətdə mənfi rezonansa səbəb olmur. Cəmiyyət bunu normal qarşılayır. Beləliklə, əgər bu məsələ qanunla tənzimlənmirsə, bir qayda olaraq, işçinin tatuya görə işdən çıxarılması qanunsuz və əsassızdır. Lakin unutmamaq lazımdır ki, bəzi dövlət orqanlarında (polis, prokurorluq, məhkəmə, hərbi hissələr və s.) daxili xidmət nizamnaməsinin tələblərinə riayət etmək həmin təşkilatın əməkdaşlarının vəzifə borcudur. Fikrimcə, qanunvericilikdə nəzərdə tutulmamışdırsa bəzi istisnalar nəzərə alınmaqla hər hansı özəl müəssisə və dövlət orqanlarının başqalarına nəyisə diktə etmək hüququ yoxdur. Ancaq bütün bunların fonunda nəzərdə alınmalıdır ki, vətəndaşlar da öz növbəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən çəkinməli və digər şəxslərdə ikrah hissi oyatmamalıdırlar",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə