Qurban bayramında nələrə diqqət etməliyik? - RƏYLƏR

4 günlük Qurban Bayramında süfrələrimiz müxtəlif təamlarla zənginləşir. Xüsusən qurban ətindən hazırlanan fərqli yeməklər, yemək sonrası şirniyyatlar süfrələrimizin vazkeçilməzidir. Qurban bayramında sağlam və düzgün qidalanma həm bayramdan zövq almaq, həm də sağlamlığımızı qorumaq üçün vacibdir. Bu günlərdə mədəmizi, dolayısı ilə orqanizmimizi yükləməmək üçün nələr etmək məsləhətdir? SİA mövzu ilə bağlı qida üzrə Baş mütəxəssis Ağa Salamov və dietoloq Ceyhunə Yusifovanın fikirlərini öyrənib.

Qida üzrə Baş mütəxəssis Ağa Salamov: "İlk növbədə kəsim yerlərində sanitariya-gigiyena qaydalarına maksimum dərəcədə riayət olunmalıdır. Çox vaxt quzuları kəsirlər və birinin qanı yuyulub təmizlənməmiş o qanın üstündə digərini kəsirlər. Bu da düzgün deyil, sanitariya-gigiyena qaydalarının pozulması deməkdir. Sanitariya-gigiyena qaydaları başlıca gəlir. Kəsim yeri təmiz olmalıdır, təzyiqli su ilə təchiz olunmalıdır. Kafellə, metlakla təchiz olunmalıdır ki, divarlar, yer rahat şəkildə yuyula bilsin.

Qurban kəsən insanların bıçaqları iti olmalıdır ki, heyvanları incitməsinlər. Kəsimdən sonra çox vaxt qurban kəsən insanlar əti polietilen poşetlərə yığır və saatlarla maşının arxasında paylamaq üçün daşıyırlar. Bu, axşama qədər çəkir. Ətdə boğulma və mikrobioloji çirklənmə baş verir ki, bu da qida zəhərlənməsinə yol aça bilər. Ona görə də qurban kəsilən kimi parçalara ayrılıb təcili paylanmalıdır. Nəzərə alsaq ki, havalar da istidir, əti mühit temperaturunda çox saxlamaq olmaz. Evə də çatsa, mütləq şəkildə soyuducuya qoyulmalıdır.

Çox vaxt qurban kəsirlər, 10-20 pay soyuducuya yığırlar. Orada da sirkulyasiya getmir. Ətin ortasına soyuq temperatur gedib çatmır. Arada şirələnmə olur, ətin qoxusu və çirklənmə olur ki, bu da qida zəncirinin sonunda əti istehlak edən adamda qida zəhərlənməsi yarada bilər. Ona görə o ətlər mütləq şəkildə paylanmalıdır. Əgər soyuducuya qoyarlarsa, üstü bağlı şəkildə və sərbəst, rəfin bir gözündə saxlanmalıdır.

Qurban ətləri kəsilən kimi istehlak olunmasa daha məqsədəuyğundur. Çünki kəsilən heyvanlar "rigor mortis" halına düşür ki, bu da ölüm sərtliyidir. Hər bir canlı bunu yaşayır. Ölüm sərtliyindən çıxandan sonra istehlak olunmağı daha məqsədəuyğundur. Toxumalar ölmür. Bunun üçün də xırdabuynuzlular 12 saat dincəlməlidir, iribuynuzlular da 24 saat dincəldikdən sonra istehlak olunarsa, daha məqsədəuyğundur. Belə məsləhət görürük. Əks təqdirdə belə ətlər bişirildikdə sərt olur, mədədə də həzm sisteminə maneçilik törədir".

Dietoloq Ceyhunə Yusifova: "Qurban bayramında kəsilən qurban ətindən hər insanın ehtiyacına uyğun 150-200 qram yeyilməsi məsləhətdir. Amma bunu müxtəlif üsullarla bişirmək olar. Soyutma şəklində, buğlama, sup, qızartma şəklində etmək olar. Əti tərəvəzlə yemək lazımdır. Çünki ətin proteini yüksəkdir. Xolesterolu yüksək olan, mədə fermetləri aşağı olan insanlarda əti həzm etmək çətin ola bilər. Bu baxımdan mütləq yanında bol-bol lifli qida, tərəvəz istifadə edilərək qurban ətini yemək olar. Soyuducuda 2-3 gün ərzində saxlamaq mümkündür. Hissələrə ayırıb da yemək olar. Bu gün 100 qram yeyildisə, sabah da 100 qram yeyilə bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə