"İnşallah bu verilişləri Qərbi Azərbaycandan yayımlamaq qismət olsun" - ÜLVİYYƏ ZÜLFİQAR

"Qərbi Azərbaycan televiziyasının yeni binasının açılışı münasibətilə bu gün burada toplaşmışıq". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri, İcmanın sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə Qərbi Azərbaycan televiziyası 1 avqust 2023-cü il tarixində onlayn şəkildə fəaliyyətə başlayıb: "Dostlarımızın fəaliyyəti ilə fəaliyyət göstərirdi. Artıq Qərbi Azərbaycan televiziyasının yeni təchiz olunmuş binasından yeni efir siyasəti ilə efirə çıxacağıq. Həftədə 3 dəfə Azərbaycan dili, 3 dəfə Rus dili 2 saat olmaqla efirə çıxacağıq. İngilis dilində həftə ərzində yarım saatlıq buraxılışımız olacaq.

Bununla yanaşı ənənəvi verilişlərimiz olan "Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” ilə yanaşı yeni verilişlər əlavə etmişik. Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə” o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri maddi – mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq". İnşallah ki, bu verilişləri Qərbi Azərbaycandan yayımlamaq qismət olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə