“Ətraf mühit problemlərinin həlli üçün çox böyük vəsait lazımdır“ - MÖVQE BİLDİRİLDİ

“Ətraf mühit və onun çirklənməsi ilə bağlı çoxşaxəli problemlər var. İlk növbədə tarixi problemlərə toxunmaq istəyirəm. Belə ki, Sovet dövrünün amansız istismarı nəticəsində indiyə qədər Bakının ətrafında mədən suları ətraf mühiti çirkləndirir. Əslində ətraf mühitin problemlərinin həlli üçün çox böyük vəsait lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, eyni problemlər neft istismarı ilə bağlı Xəzər dənizində mövcuddur: “Bu problemləri aradan qaldırmaq üçün isə ciddi vəsait və böyük işlər görməyə ehtiyac var. Azərbaycan çaylarının qonşular tərəfindən çirkləndirilməsi problemi, xüsusilə Ermənistanın Azərbaycan çaylarını ağır metallarla zəhərləməsi çox böyük problemdir. Gürcüstan tərəfindən də çaylarımıza hansısa zəhərli maddələrin buraxılması bizim bu sahədə qonşularla əməkdaşlığı müəyyənləşdirmək və qarşılıqlı şəkildə problemlərin həlli üçün iş görmək gərəkdiyini göstərir.

Bakı şəhərinin ən böyük problemi avtomobil nəqliyyatıdır. Burada xüsusilə ictimai nəqliyyat və onun keyfiyyətsiz yanacaq istifadəsi nəticəsində çox ciddi fəsadlara səbəb olacağı qeyd olunmalıdır. Bu istiqamətdə də ciddi işlər görülməlidir. İctimai nəqliyyatın məhz elektrik mühərrikləri ilə təmin edilməsi vəziyyəti müsbətə doğru dəyişmək üçün çox zəruri olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə