Havalarda “uçan” qiymətlər - ƏYLƏNCƏ MƏRKƏZLƏRİ - ARAŞDIRMA

İstirahətə boş vaxt və imkan tapan kimi valideynlər uşaqlarını harasa aparmaq haqda düşünürlər. Bu, balacaların da ürəyindən olur. Ancaq yaxşı əylənmək, xoş istirahət etmək üçün boş vaxtın olması yetərli deyil. Gərək cibdə pul, seçməyə imkan da ola. Şəhərdə son illər bu sahədə vəziyyət nisbətən yaxşı görünür. Belə ki, seçim imkanları gündən-günə artır. Amma bu artım nəyə görəsə vətəndaşların cibinə xeyir etməkdənsə, ziyan vurur. Yəni rəqabət şəraitində qiymətlər azalmır, əksinə, artır, çoxalır. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bakının ən izdihamlı məkanları haradır deyə sual etsələr, heç şəksiz paytaxtda olan ticarət mərkəzləri ilklər sırasında olacaq. Bir az daha konkretləşdirsək, kimi itirsən oralarda tapmaq olur. Sözügedən məkanlarda geyim dükanları, restoranlar, böyük supermarketlərlə yanaşı, uşaqlar üçün atraksionlar, müxtəlif oyun seçimləri yer alır. Təbii ki, bu oyunlara qatılmaq üçün öncə müəyyən dəyəri olan kart almaq, o karta istədiyin qədər pul yükləmək lazımdır. İstədiyin qədər deyərkən nəzərə alaq ki, bəzi mərkəzlərdə 2, bəzilərində isə 5 amanatdan az məbləğdə pul yükləmək olmaz. Ordakı oyunların minimum 2, maksimum 10 AZN olduğunu nəzərə alanda cibinizin nə qədər "tərləyəcəyini" təsəvvür edə bilərsiz.

Havalarda “uçan” qiymətlər

Oyun qiymətlərinin havalarda "uçması" barədə yuxarıda qeyd etmişdik. Təsəvvür edin ki, cəmi 2 oyunla siz 10 manatınızdan keçirsiniz. Halbuki o oyunlar şəhərin müxtəlif yerlərin 1-2 manat olduğu halda, belə əyləncə mərkəzlərində hansısa səbəbdən daha bahadır. Daha bir misal: toplarla, yumşaq qəfəslərlə dolu olan hissə 5 AZN-dir. Yəni heç bir işıq, enerji sərfiyyatı olmayan yerə uşağınız girib özü üçün hoppanacaqsa, buna görə 5 AZN ödəməlisiniz. Arqument isə hazırdır: vaxt limitsizdir də, istədiyi qədər oynasın.

Bakının bir neçə uşaq əyləncə məkanlarında olaraq qiymətlərlə maraqlandıq. Bunlardan birincisi "Nəriman Nərimanov" metrosu yaxınlığında yerləşən Metro Parkdır.

Kart fırıldağı - adı sənin, dadı bizim...

"Metro Park"a uşaqları ilə gələnlər 4-cü mərtəbədə yerləşən Happyland-i seçməyə üstünlük verir. Burada oyunlara qatılmaq üçün öncə dəyəri 2 AZN olan fun kart almaq lazım gəlir. Oyun və attraksionların qiyməti 2-4 AZN, labirintin qiyməti isə 1 saat üçün 6 AZN təşkil edir.

Su girdi qaba, oldu içməli

Digər tərəfdən, bu məkanda "oyun qaydaları" da ilgincdir. Belə ki, sözügedən karta yüklənən pul qaytarılmır və dəyişdirilmir. Bunu kartın üzərində açıq-aydın yazıblar. Yəni digər bütün əyləncə mərkəzlərindən fərqli olaraq, sən bu məkana girərkən tutaq, 10 manatlıq balans yükləmisənsə və çıxanda o kartda məsələn, 5 manatın qalıbsa, onu geri istəyə bilməzsən. Necə deyərlər, su girdi qaba, oldu içməli...

Şəhərin mərkəzində yerləşən əyləncə mərkəzlərindən digəri isə Funland Uşaq Əyləncə Mərkəzidir. Burada uşaqlar üçün oyunlar 1-2 AZN, böyüklər üçün isə 3 AZN-dir. ZOOM oyun sahəsində 1 saat üçün 5 AZN, 2 saat üçün 8 AZN, limitsiz istifadə etmək üçün isə 10 AZN ödəniş etməlisiniz. Nəzərə alasınız ki, bu oyun sahəsi sadəcə 7 yaşa qədər uşaqlar üçündür. Buna baxmayaraq valideynlərin oyun sahəsinə daxil olması qadağandır.

"Dəniz Mall’un 5-ci mərtəbəsində yerləşən “Kinderland” əyləncə mərkəzində isə qiymətlər adamın dilini-boğazını qurudur. Düşünün ki, hələ uşaqlar bir yana qalsın, körpələr üçün qiymətlər həftəiçi 10, həftəsonu isə 12 manatdır. Uşaqların əylənə bilməsi üçün isə valideyn gərək həftəiçi 30, həftəsonu isə 35 manatından keçsin.

Pulun yoxdursa, ac qaldın

Maraqlıdır ki, bütün bu uşaq əyləncə mərkəzlərində kafe və restoranlar da fəaliyyət göstərir. Orada qiymətlər də "ceyran belindədir". Məsələn, mağazadan 30 qəpiyə aldığımız su bu mərkəzlərdə bir qayda olaraq 1 manatdan ucuz deyil. Bu, ən insaflı variantdır. 1.50-2 AZN-ə yarım litr su satan məkanlar da az deyil. Bundan başqa, burada bir çaynik çay içmək minimum 6-7 manata başa gəlir. Yeməklərdən isə danışmağa dəyməz. Uzun müddətli gözləmə, aşağı səviyyədə xidmət bir çox hallarda valideynləri bu məkanlarda yemək yedirtməkdən çəkindirir.

Uşaq yaşlarından pozulan hüquqlar

Təəssüf ki, bəzi uşaq əyləncə mərkəzlərində istehsalçı hüququ qorunmur. “Uşaqlar bizim gələcəyimizdir” deyən biznes qurumları onlar üçün qiymətləri düzgün tənzimləmir.

Uşaq əyləncə mərkəzləri diqqətdən kənarda qalmış, yüksək qiymətlər olan yerlərdir. Bu məkanlarda istehsalçı hüququ ilə bağlı tez-tez problemlər yaşanır. Bir çox hallarda insanlara rəsmi kassa çeki vermirlər.

Valideynlər od tutub-yanan qiymətlərdən narazılıq edirlər. Bildirirlər ki, indi uşaqları sevindirmək çətin məsələdir. Əyləncə mərkəzlərinə giriş üçün kart alan valideynlər pul yükləyib attraksionlardan istifadə edirlər. Uşaq oynayır, vaxt bitən kimi həmin oyunu təkrar istəyir. Burada da çoxlu attraksion var. Uşaq görür, istəyir, “yox” deyə bilmirsən. Bu səbəbdən onun əyləncəsinə və özlərinin yeməklərinə xeyli pul xərcləmiş olurlar.

Psixoloq Elnur Rüstəmov isə uşaqların oyunlara olan asılılığı barədə maraqlı fikirlərə sahibdir. Psixoloq açıqlamasında bildirib ki, internetdə, ümumiyyətlə, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi və yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir: "Ancaq elə oyunlar var ki, o, uşaqda asılılıq, müxtəlif psixoloji problemlərə yol açır. Biz hər zaman valideynlərə tövsiyə edirik ki, diqqət eləsinlər uşaqlar kompüterdə nə kimi oyunlar oynayırlar. Çox təəssüflər olsun ki, bu gün rastlaşırıq ki, çox yaşı olmasa da, uşaqlar müxtəlif döyüş oyunları və yaxud avtomobil idarəetmə kimi ağır oyunlar oynayırlar. Bu isə onların psixoloji durumuna çox mənfi təsir göstərir. Uşaq aqressiv olur, uduzanda narahatçılığını ifadə edir və s. bu cür hallar keçirir. Əlbəttə, bu situasiyada bir az diqqətli olmaq lazımdır. Əks təqdirdə, uşaqlarda bir çox problemlər, o cümlədən fobiyalar yaranır. Uşaqda adaptasiya prosesi çətin gedir, o, cəmiyyət içərisində özünü adekvat aparmır, rahat olmur, uyğunlaşa bilmir. Xüsusən internetə çıxışı olan kompüterlər var, ailələr burada xüsusilə diqqətli olmalıdırlar ki, uşaqlar hansı proqramlara, hansı sayta girirlər. Onlara da nəzarət eləsələr, yaxşı olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə