Xəbər yayarkən nəyə diqqət edilməlidir? - EKSPERT FİKRİ

"Əlbəttə ki, jurnalistin vəzifəsi toplumu bilgiləndirməkdir. Bu, ona xidmət etməlidir ki, cəmiyyət müsbət ovqata köklənsin, insanlar arasında münasibətlər yaxşıya doğru dəyişsin, inkişafı təmin etsin və insanların mənfi emosiyalarla yüklənməsinə səbəb olmasın. Lakin təəssüf ki, son dönəmlərdə özəlliklə Azərbaycan mediasında jurnalistlər yaxud özünə jurnalist deyən kəslər daha çox mənfi yüklü, bir çox hallarda isə qondarma xəbərlərə və yazılara üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu da ümumilikdə cəmiyyətin ovqatını mənfiyə yükləyir: "Nə qədər çox cinayət və ya digər mənfi yüklü xəbərlər olarsa, bir o qədər cəmiyyətə mənfi enerji ötürülür. Belə olduğu halda əlbəttə ki, oğurluqlar, cinayətlər, bəd əməllər daha da artır. Ona görə də jurnalistlər bir xəbər yayarkən və ya paylaşarkən oxucunun bundan necə təsirlənə biləcəyini göz önünə gətirməlidir. Yəni, empatiya quraraq özümüzü oxucu və ya izləyicinin yerinə qoymağı bacarmalıyıq".

"Təbii ki, heç kim mənfi ovqata köklənmək istəməz. Əgər o xəbərləri yayan insanın özü buna razı olmursa, oxucuya niyə mənfi ovqat ötürməyə çalışır ki?! Çözüm yolu bunu dərk etməkdədir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə