“Gənclər günü və bu günün keçirilməsinin önəmi biz gənclər üçün çox vacib və önəmli hadisədir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində çox önəmli yerdə qərar tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə səhiyyə, jurnalistika, tikinti və ən əsası hərbi kimi bir çox sahələrdə özlərini doğruldurlar”. Bu barədə SİA-ya açıqlamasında "GUYS Group"un Direktorlar Şurasının sədri Mübariz Quliyev deyib.
Onun sözlərinə görə, gənclərin dəstəklənməsinə və inkişafına yönəlmiş təsisatların və keçirilən layihələrin sayına görə Azərbaycan lider ölkələrdəndir: “Bəs bu qədər diqqət və qayğı nə üçün önəmlidir? Belə baxaq məsələn bir bina inşa edilir və o binanın tamamlanması üçün hər bir kərpicin öz yerinə düzgün qoyulması, yerinin boş qalmaması çox önəmlidir əks halda bina keyfiyyətsiz ola və uça bilər. Mən də ölkənin gələcəyini inşa edilməkdə olan bir binaya, ölkə gənclərini isə o binanın kərpiclərinə bənzədirəm. Əgər o kərpicləri (gəncləri) düzgün istifadə etməsək, necə gəldi kənara atsaq ölkənin gələcəyi necə olar? Təbii ki, yaşayış üçün təhlükəli bir binaya bənzər. Ölkə gənclərinin inkişafı, düzgün idarə edilməsi dövlət üçün təhlükəsizlik qədər prioritet məsələ hesab olunur. O kərpiclər sağlam və istifadəyə yararlı olmalıdır və sırf sağlam və məqsədyönlü gənclik bina misalında göstərdiyimiz kərpic rolunu üstlənməklə təməli və dayaqları möhkəm olan bir gələcək inşa etməmizi qarantiləyə bilər. Çünki düzgün idarə edilməyən gənclik dövlət üçün ən böyük təhdiddir. Məsələn oğrular, narkotik istifadə edənlər və satanlar düzgün idarə edilməyən gənclər kateqoriyasına aiddir. Cənab Prezident İlham Əliyev də bütün çıxışlarında gəncliyə səslənir onların daha aktiv olmasını, sosial-ictimai fəallıqlarını artırmalarını istəyir ölkə başçısının necə müdrik şəxsiyyət olması primitiv görsənən amma çox böyük nəticələrə səbəb ola biləcək bu çağırışından məlum olur. Ümumiyyətlə hamı anlamalıdır ki, gənclik hər bir ölkənin ən əsas aparıcı qüvvəsidir. Dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində biz gəncləri ölkənin sosial, ictimai və siyasi həyatında yer almağa təşviq edə bilmişik”.
M.Quliyev bildirib ki, Azərbaycan gəncliyinin bir fərd, əsl vətəndaş kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri mövcuddur: “Ulu Öndərin zəngin və ideal dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Heydər Əliyevin gənclərə necə diqqət və qayğı göstərməsi öz təzahürünü SSRİ Azərbaycanında rəhbərlik etdiyi ilk günlərdən göstərmişdir. Yalnız 70-80-ci illərdə Ulu Öndərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi”.
Müsahibimiz qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndən sonra dövlətin əsas prioritet istiqamətlərini gənclər təsisatlarını yaratmağa yönəltdi: “Beləliklə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi. Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB