"Hava şəraiti və fəsillər insana psixoloji sirayət edir" - İZAH EDİLDİ

"Hava şəraiti və fəsillər insana nəinki fiziki, həmçinin psixoloji sirayət edir. İstənilən halda yaxşı hava, yaxşı da əhval-ruhiyyə yaradır". Bunu SİA-ya açıqlamasında psixoloq Aysu Əliyeva deyib.

Onun sözlərinə görə, duyğu dəyişimi daha çox havalar soyuyan dönəmdə baş verir: "Mövsümi olaraq bu qış və payız fəslinə təsadüf edir. Belə ki, sakit insanlar bu dönəmlərdə daha emosional ola bilir və ya tamamən əksinə. Emosional vəziyyətin dəyişməsi daha çox meteohəssas insanlarda özünü göstərir. Belə şəxslər hava günəşli olanda özünü daha gümrah, enerjili, daha pozitiv hiss edir. Hava dəyişən kimi onlarda içinə qapanmaq, gərginlik, yaşam zövqünün olmaması, davamlı yuxulu olmaq, tükənmişlik halı, stress və mövsümi depressiya halları görülə bilir. Lakin bu emosional dəyişkənliklərin səbəbi tək hava şəraiti, fəsil dəyişikliyi deyil. İnsanlar yaşamı boyunca basdırdığı duyğu və düşüncələri, emosiyaları bir müddət sonra özünü psixoloji problemlərlə göstərir və var olan problemi fəsil, mövsüm dəyişkənliyi daha da tətikləyir".

Psixoloq qeyd edib ki, insanlar içinə qapandığını hiss etdikləri halda əvvəllər zövq aldığı fəaliyyət və hobbiləri ilə məşğul olmağı tövsiyə olunur. Beləliklə, duyğu durumunu müsbətə doğru dəyişə bilərlər: "Bura aiddir - kitab oxumaq, film izləmək, velosiped sürmək, rəngləmə , toxuculuq və s. Xüsusilə art terapiyanın növlərindən istifadə onlarda gərginlik hissini aradan qaldıracaq , rahatlamasına səbəb olacaqdır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə