Yeni İl yarmarkalarında son vəziyyət necədir? - REPORTAJ - FOTOLAR

Bakının müxtəlif yerlərində yeni il yarmarkaları qurulub. SİA 28 may metrosunun ətrafında yeni il yarmarkaları ilə əlaqədar reportaj hazırlayıb.

Bakının yeni il ovqatını satıcıların və alıcıların gözündən sorğu və fotoşəkillərlə təqdim edirik:

Satıcı Cəlil Rəcəbli: “Hal-hazırda dekabr ayının 11-i olduğu üçün satış bir az zəifdir. Dekabrın 22-si, 25-dən sonra güclənəcək. Amma biz ümid edirik ki, bayramda yaxşı olacaq. Çünki Azərbaycan xalqı həmişə bayramı daha yaxşı qarşılayıb. Həmişə olduğu kimi, bu il də bayramımız yaxşı keçəcək. İndi qiymətlərimiz yaxşıdır, amma bayram öncəsi bir az qiymət artımı ola bilər. Bu da rəqiblərin çoxalması ilə əlaqədardır. Digər sahələrdə əksinə, rəqib çoxaldıqca qiymət azalır, bizdə isə qiymət artır. İnsanlar bayram əhval-ruhiyyəsinə girdikləri üçün qiymətlərdən şikayətlənmirlər”.

Satıcı Füzuli Ağamalıyev: “Satışlar normaldır. İnsanlar qiymətlərdən məmnundur. Satıcılar qiyməti imkanla əlaqədar nəzərə alır ki, alıcılar da ala bilsinlər. Hər iki tərəf razılıq bildirir. Bayrama hələ vaxt var, satışlar normaldır. Camaatın imkanına görədir”.

Şəhər sakini Sevil Ruhi: “Qiymətlərdən razı deyiləm. Çox bahadır. Məcbur gəlmişəm. Çünki vaxtım olmadı ki, "Trendyol"dan sifariş edim. Orada çox ucuzdur. Yeni ili həmişəki kimi ailə içində keçirəcəyik. Ailəvi bayramdır. Yeni illə bağlı yeni planlarım yoxdur. Yolka almışıq. Evdə iki uşaq var. Hamısını uşaqlara görə alırıq”.


Satıcı Əzim Hüseynov: “Alıcılıq qabiliyyəti zəifdir. Bununla belə, yenə də, xalqa xidmət edirik. Allah xalqımızı var eləsin, bayramlarını mübarək etsin. Prezidentimiz var olsun ki, bizə bu qabiliyyəti yaşatdı. Mən də I Qarabağ müharibəsi iştirakçısıyam. Başqa hər şey yaxşıdır. Yəqin ki, hər şey düzələr. Qiymətlərimiz münasibdir, topdan satış qiymətləridir. Bizdə şirniyyat və quru meyvələr satılır. Bununla fəaliyyət göstəririk”.

Satıcı Epunus Məmmədov: “Alıcılıq qabiliyyəti normaldır. Camaat gəlir, alır, qiymətlərdən razıdırlar. İnsanlarda yeni il həyəcanı var. Ən çox yaşlı insanlar bazarlıq edir. Nəvələri üçün alış-veriş edirlər. Qiymətlərdən razıdırlar”.

Şəhər sakinləri ana-oğul Lalə Səlimova və Əli Səlimzadə: “Mən yeni ili sevirəm, çox xoşlayıram. Bəlkə də, uşaqlardan da çox sevirəm. Həmişə sevinclə hər şeyi almaq, bəzəmək istəyirəm. Sevdiyim bayramdır. Yeni il həyəcanını digərlərində bilmirəm, özümdə hiss edirəm. Qiymətlər münasibdir. Hərənin büdcəsinə görədir. Az büdcəsi olan üçün bahadır, normal büdcəsi olan üçün normal qiymətlərdir".

Əli Səlimzadə: "Mən 7-ci sinifdə oxuyuram. Yeni il üçün həyəcanlıyam. Hələ yolkanı qurmamışıq. Böyüklüyü 2 metrdir. Bayrama az qalmış quracam. Yolkanın oyuncaqlarını keçən il almışıq. Sinif yoldaşlarım da mənim kimi yeni ili həyəcanla qarşılayırlar”.

Şəhər sakini Azılara Əliyeva: “ADNSU universitetində 3-cü kurs tələbəsiyəm. Hədiyyə alıram. Yolka hələ qurmamışıq. Qiymətlərdən razı deyiləm. Çünki biz tələbəyik. Stependiyamız da azdır. Anama, atama, dostlarıma – hamıya hədiyyə almalıyam. Amma pulumuz çatmır. Hər şey çox bahadır. Stependiyamız heç nəyə çatmır, yemək, başqa ehtiyaclarımızı da almalıyıq, həm də hədiyyə almalıyıq. Yeni illə bağlı fərqli planım yoxdur, həyəcan da yoxdur. 2023-cü ili çox gözəl keçirmişəm, ona görə də yeni ilin gəlməsini istəmirəm”.

Şəhər sakini Ülvi Vəliyev: “Qiymətlərdən razıyam. Yeni illə bağlı fərqli planım yoxdur, həmişəki kimi keçirəcəm. Yolka qurmuşuq, hədiyyələr almışıq. Evdə uşaqlar var, hələ ki, təhsil alırlar, bayrama vaxt var”.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə