"Piyadalar öz həyatlarına laqeyd yanaşır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əvvəllər piyadalarla bağlı vəziyyət bərbad idi, keçidlər zəbt olunmuşdu. İndi də bu hallar var, amma əvvəlki illərə baxanda, piyadalar üçün şərait indi yaxşıya doğru gedir. Müəyyən işlər görülür, amma yenə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri çoxdur". Bu sözləri SİA-ya nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, burada birinci səbəb insanların təhlükəsizlik qaydalarına, öz həyatlarına laqeyd yanaşmasıdır: "Televiziyada, radioda, sosial şəbəkələrdə aparılan təbliğatı sanki görmürlər, yaxud görürlər, amma diqqət etmirlər”.

Ekspert piyadalara nəzarətin gücləndirilməsinin tərəfdarıdır: “Son vaxtlar piyadalara nəzarət bir xeyli zəifləyib. Cəzalanan piyadaların sayı azalıb. Hətta keçidlərin yaxınlığında belə keçiddən istifadə etmirlər. Nəzarəti gücləndirmək lazımdır. Sürücü, piyada olaraq mental düşüncəmiz budur, nəzarət, cəza olmasa, biz qaydalara əməl etmirik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə