"Şəhidlərimizin qanı tökülən torpaqdan öpmək mənə də qismət oldu" - SORĞU- FOTOLAR

Bu gün yenidən möhtəşəm anlardan birinə şahidlik etdik. Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (96 nəfər) Laçın şəhərinə geri qayıdıb. Biz də SİA olaraq laçınlıların qayıdış barədə təəssüratlarını öyrəndik.

Laçın sakini Şəlalə Abbasova: "Təxminən 25-26 yaşlarımda Laçından çıxmışam. İndi ata ocağımıza qayıdırıq. Bu günlər mənə hələ də yuxu kimi gəlir, gözlərimə, yaşadıqlarıma inana bilmirəm. Bugünkü gün üçün bütün şəhidlərimizə minnətdarıq. Onların anaları qarşısında baş əyirik. Ali Baş Komandanımız çox sağolsun ki, ata vəsiyyətini yerinə yetirdi. Sizə də öz adımdan təşəkkürümü bildirirəm. O gün olsun ki, siz bizi necə yola salırsınızsa, biz də sizi Laçında belə gözəl qarşılayaq".

Laçın sakini Rauf Abbasov: "Mən Laçından çıxanda 25 yaşında idim. 56 yaşımda isə ata yurduma geri qayıdıram. Valideynlərimlə çıxdığım torpaqlara ailəmlə getmək qismət oldu. Həyəcan hissi məni ağuşuna alıb. İllər sonra doğma yurdumu görəcəyim üçün səbirsizlənirəm. İllərdir bugünü gözləyirdik. Gedən kimi atamın, əmilərimin məzarını ziyarət edəcəm".

Laçın sakini Sürəyya Məmmədova: "83 yaşımda Laçınıma qayıdıram. Məni bu yaşımda öz evimə, öz torpağıma getməyimə şərait yaratdığı üçün ölkə başçımıza minnətdaram. Bütün hərbçilərimizə, əsgərlərimizə qurban olaram. Allah hər birini qorusun. Onlara sözüm odur ki,

"İşiniz iş olsun,

Göylə gedən quş olsun,

Hürülər, pərilər

Allah sizə kömək olsun".

Laçın sakini İbrahim Məmmədov: "31 il beş aydan sonra Vətənə qayıdırıq. Buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə təşəkkür edirəm. Cənab Prezidentimiz necə ki Xankəndində bayraq sancdı, o gün olsun Zəngəzurda da həmin anlara şahidlik edək. Vətən torpağında yaşayanlar bilir ki, Vətən nə deməkdir. Bizi ancaq Vətən həsrəti çəkənlər anlayar. Çox istərdim ki, illər öncəki Laçının görünüşü olduğu kimi qalsın. Doğrudur, bir qədər müasir Laçın olacaq, amma yenə də bizim olacaq".

Laçın sakini Esmira Abdullayeva: "31 ildən sonra xəyallarımızın, arzularımızın, gəncliyimizin itib qaldığı yerlərə bəlkə nəsə tapa bilərik ümidi ilə qayıdırıq. Amma doğmalarımızı burada vətən həsrəti ilə torpağa tapşırıb, dədə-baba yurdumuza qayıtmaq çox çətindir. Təəssüf ki, valideynlərim Laçına qayıtdığımız günü görə bilmədilər. Ümid edirik ki, hər şey yaxşı olar. Bu hisləri bizə yaşatdıqları üçün bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Dünən Xankəndində, Ağdərədə, Xocalıda bayrağımız ucaldıldı. Çox sevinirik ki, sonunda mənfur düşməndən canımız qurtulur. Ermənisiz Qarabağ öz sahibinə qayıdır".

Laçın sakini Elxan Vəliyev: "Biz öz yurdumuzdan qovulanda mənim 22 yaşım var idi. Artıq 54 yaşıma çatmışam. Laçından subay çıxmışdım, indi isə iki övladım və dörd nəvəmlə geri qayıdıram. Mən azad olunduqdan sonra artıq bir dəfə gedib Laçını görmüşəm. Laçına çatan kimi dizimi yerə qoyub Vətən torpağını öpdüm. Şəhidlərimizin qanı tökülən torpaqdan öpmək mənim də dodağıma qismət oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların və Azərbaycan Prezidentinin sayəsində bu günləri yaşayırıq".

Laçın sakini İlhamə Abbasova: "Çox sevinirik ki, ailəmizlə, övladlarımızla Vətənimizə qayıdırıq. Sanki yenidən dünyaya gəlmiş kimiyəm. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Bizim neçə illik həsrətimiz sona çatdı. Amma onların oğul həsrəti bitməyəcək. Bizə bu günü yaşatdıqları üçün onlara bir ömür minnətdar olacağıq"

Laçın sakini Ceyhun Əsədov: "Əlbəttə ki, bu, qürurverici haldır. Mənim 22 yaşım var və Laçını yəni, dədə-baba yurdumu heç görməmişəm. İlk dəfə görəcəyim üçün bir ayrı həyəcanlıyam. Doğrudur, bu yaşıma kimi Bakıda yaşadığım üçün bura öyrəşmişəm. Amma düşünürəm ki, Laçında da həyat çox gözəl olacaq".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə