Yengə adətinin vacibliyi nədən ibarətdir? - RƏYLƏR

Hər bir xalqın özünəməxsus toy adət-ənənələri var. Bunlardan biri də yengədir. Belə ki, keçmişdən gələn adət-ənənələrə görə ölkəmizin bir çox bölgələrində ilk toy gecəsi yengə olur. Bəs, yengə kimdir? Ümumiyyətlə, yeni evlənənlərə yengə lazımdır yoxsa bu, gənclərə güvənsizlikdən başqa bir şey deyil? SİA mövzu ilə bağlı sorğu keçirib.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, tənqidçi Aydın Xan Əbilov: "Bir çox xalqlara rəğmən Azərbaycan xalqının uzaq keçmişə söykənən və sivilizasiya yolunun bir hissəsi ailə-məişət, toy mədəniyyəti həddindən artıq zəngindir. Bu mədəniyyətə daxil olan hər bir element insanın sosial, psixoloji, dini, ruhi, məişət tərəflərini əhatələyir. Bu elementlərin hər hansı birini lazımsız görən şəxslərin intellektual səviyyəsindən şübhə etmək lazımdır. Vaxtilə ailə institutunun böyük bir hissəsini təşkil edən, indi psixoloq, ginekoloq, ailə həkimi, seksoloqun bir çox elmi tərəfdən hazırlanmış bilgilərini özündə ehtiva edən, nəsildən-nəslə, əsrdən-əsrə xalqın öyrənmiş olduğu ibtidai bilikləri genişləndirərək daha mükəmməl formaya salan şəxslər yengəlik funksiyasını yerinə yetirə bilərdilər. Hər adam yengə ola bilməzdi. Yengə daha çox ailə həyatında uğur qazanmış, təcrübəli, müəyyən ailə sirlərini bilən yaxın qohumlardan seçilirdi. Əvvəllər insanlar daha erkən yaşda evləndirilirdilər. Çünki müharibələr çox olurdu, nəsil artırmaq lazım idi. Ona görə də yeniyetmə və gənclərə ailədə necə davranmalı, zifaf gecəsi bəy və gəlin özünü necə aparmalı, hansı yeməkləri yeməli, cinsi əlaqə zamanı bir-birlərinə necə mənəvi, psixoloji və fiziki zərər yetirməməli və s. kimi bilgilər ötürürdülər. Qeyd edim ki, qız və oğlan tərəfdən ayrı yengələr seçilirdi. Yengələrin təmtəraqlı təyini, toydan üç gün sonra xüsusi hədiyyə və bəxşişlərin verilməsi bu funksiyanı yerinə yetirən şəxslərin necə məsuliyyətli vəzifə daşıdıqlarını nümayiş etdirir.

Müasir dövrümüzdə də bölgələrimiz yengə adəti formal olaraq qalmaqdadır. Paytaxtda isə xaricilərin təsirinə düşmüş gənclər yengənin lazım olmadığını düşünürlər. Bəlkə də onlar haqlıdır. Çünki artıq 13-14 yaşlı uşaqlar evləndirilmir. İndi daha çox evlənənlər 25-35 yaşlı püxtələşmiş, müəyyən mənada intim sirləri bilən və yengənin verdiyi bilgiləri psixoloq və ginekoloqlardan öyrənən nəsildir. Amma bütövlükdə ənənənin davamçısı olaraq niyə də yengə olmasın?! Əgər sağdış-soldış varsa, xınayaxdı, nişan edilirsə, mental dəyərlərdən danışılırsa, nə üçün praktik olaraq bu işləri görən və bizə xeyir verən yengə institutunun ləğvinə çalışırıq? Keçmişdə yengələr bir ilə qədər yeni evli cütlükləri öz nəzarətində saxlayırdılar. Həmin cütlüyün dünyaya gəlmiş uşağının qırx günü tamam olanadək yengə öz funksiyasını yerinə yetirirdi. Bütün bunları nəzərə aldıqda yengə çox müsbət yönümlü vəzifədir. Dünyanın bir çox yerində bu vəzifələri yerinə yetirən şəxslər var və heç kimin də ağlına həmin vəzifəni məhv etmək gəlmir. İndi yengələrin bir çox funksiyalarını ailə mərkəzlərinin əməkdaşları, psixoloqlar, psixo-analitiklər yerinə yetirirlər. Amma bu məsələdə incə bir məqam var. Azərbaycanda demək olar ki, kişilərə yönəlmiş ailə mərkəzlərinin əməkdaşları çox azdır. Oğlan qadınla necə münasibətə girməlidir, etik və seksual normaları necə yerinə yetirməlidir və s. barədə məlumat verən mütəxəssis sayı yox dərəcəsindədir. Ona görə də bizdə cinsəl səbəblərdən nikahların pozulması getdikcə artır. Oğlan uşaqlarının ailə qurmaq üçün geniş mənəvi-psixoloji dəstəyə ehtiyacı var. Hər dəfə də müəyyən qədər pul verib mütəxəssis köməyindən istifadə etmək mümkün olmur. Amma yengə institutunu yenidən formalaşdırsaq, yeniləşdirsək gənc ailələrə iqtisadi cəhətdən də dəstək olmuş olarıq".

Psixoloq-seksoloq Təhmasib Cavadzadə də mövzu ilə bağlı fikirlərini bildirib: "Stres, insanın bu prosesdə güdülməsi, izlənməsi ümumiyyətlə dəhşətdir. Stresdən insanda hər cür problem yarana bilir, eləcə də seksual davranış pozuntusu da yaranır. Adam var ki, heç nə onun vecinə deyil, o birbaşa həmin prosesə köklənir. İnsan da var ki, tam əksinə, vecsiz yanaşa bilmir. Bu insanlarda özgüvən şkalasının 0-a düşməsidir. Kişilər belə durumda zənn edir ki, onlar kişilik vəzifəsini yerinə yetirə bilmədilər. Çünki onlar kişiliyin sübutunu seksual həyatdakı uğurda görürlər. Amma bu yanaşma səhvdir. Kiminsə seksual həyatının qaydasında olmaması onun kişiliyinin olmaması demək deyil. Hətta depressiyaya düşürlər. Bu hər kəsin başına gələ bilər. Kişi düşüncəsi ilə, davranışı ilə, xarakteri ilə ölçülür. Niyə bəzən deyirlər ki, filan qadın kişi kimi qadındır. Çünki kişi üçün xarakterik olan əqidəni, xarakteri daşıyır.

Məsələn heyvanlarda bu proses instinkt ilə gedir. Küçədə hər kəsin rastına çıxmış olar heyvanların cütləşmə prosesi. Siz onların yanından keçəndə belə onlar öz işlərini davam etdirir. Çünki, onlar insanlardan fərqli olaraq düşünmür. Heç bir pişik "aydaa, mən prosesi tamamlaya bilmədim görən o biri pişiklər mənə necə baxar?" mərhələsini keçmir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə