Kompyuter oyunlarında yaş limiti necə olmalıdır? - PSİXOLOQ İZAH ETDİ
"Kompyuter oyunları istənilən yaş dövrünə uyğun şəkildə istifadəyə buraxılır. Bu səbəbdən də bu oyunların yaş limiti yoxdur. Əgər bir insanın asılılıq kimi problemi varsa, istər kompyuter, istərsə də kart oyunlarında özünü göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.
Onun sözlərinə görə, hər şeyin ümumiyyətlə qədərində olanı gözəldir: "Bəzi oyunlar var ki, İQ səviyyəsini yüksəldir, kiçik motorikanı inkişaf etdirir, diqqəti artırır. Amma bəzi oyunlar da vardır ki, aqressiv, qəddar davranışı formalaşdırır, koqnitiv proseslərinin gedişatına zərər vurur, onları ləngidir.
Bir çox oyunlar manipulyativ xarakter daşıyır. Bu oyunlar davamın gəlməsi üçün ödəmə tələb edir və ya məsələn, roblox, minecraft oyunlarında say çoxaltmaq, geyim dəyişilməsi üçün və s. manipulyativ təkliflər irəli sürülür. Uşağın, yeniyetmənin pula olan münasibəti keyfiyyət cəhətdən formalaşmadığı üçün kəmiyyətə önəm vermir. Yəni dəyərləndirmədən həddən çox pul xərcləyə bilərlər. Onlar daha çox trenddə olan, brend məhsullara önəm verir. Əgər uşaqda asılılıq problemi yoxdursa, böyük təhlükə yaratmaz. Yox əgər kompyuter oyunlarından asılılığı varsa, bu istiqamətdə psixoterapevtik işlər görülməlidir. Çünki kompyuterdən asılılıq iştahsızlığa, yuxusuzluğa, sümük əyilmələri və s. tipli fizioloji problemlərlə yanaşı, idrak proseslərində (diqqət, hafizə, təfəkkür və s.), xarakterdə (aqressiya, qəddarlıq,səbrsizlik və s.) psixoloji problemlərə gətirib çıxarda bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə