Evlər təmirə, kitablar zibilliyə... TƏRS BAXIŞ

Müasir dövrümüzün ürəkağrıdan bəlalarından biri də kitab məsələsidir. Elə ki, internet həyatımıza daxil oldu, kompüter, smartfon telefonlar meydana gəldi, illərimizi verdiyimiz kitablardan yavaş-yavaş uzaqlaşmağa başladıq. Kitablar kitabxanalarda rəflərdə oxucularının yolunu gözlədi, evlərimizdəki kitab rəflərini isə toz basdı. Biz kitabları internet aləminə satdıq, qurban verdik. Hansı ki, uşaqlıqdan gəncliyə, yetkinlikdən qocalığa kitablar hər zaman yol yoldaşımız olmuşdu. Bizi onlar tərbiyə etmişdi, doğru yolu göstərmişdi. İdealımız olmuşdu. Həyatda mübarizəni, mücadiləni öyrətmişdi bizə. Həm gündüz, həm gecələr dostumuz, rəfiqəmiz olmuşdu. Səhifələrinin özünəməxsus ətri indi də burnumuza gəlir. Bəzən əlimizə aldığımız kitablarda işarə üçün qatladığımız vərəqlərdə həmin qatların da olduğu kimi qaldığını görə bilirik.

Hələ göz yaşlarımızı demirəm. Kitablar illərlə bizi ağladıb. Qəhrəmanlarımızın taleyinə ağlamışıq, göz yaşlarımız səhifələrə axıb. Və oradaca quruyub qalıb, vərəqləri saraldıb.

Kitabla ətrafımızdakı insanları sevirdik, dost, rəfiqə seçirdik. Kitabla pis, nankor insanlara nifrəti, onları məzəmmət, ictimai qınaq etməyi öyrənirdik. Kitab ən yaxşı yolgöstərənimiz idi. Gənc qızların ikinci anası, gənc oğlanların atası, qəhrəmanı, ərliyi, igidliyi, mərdliyi, namusu, qeyrəti idi...

Hazırda kitablarla bağlı lap dəhşətli bir vəziyyət hökm sürür. Kim yeni ev alırsa və ya evini təmir etdirirsə, kitab rəflərini yeniləməyə ehtiyac görmür, onları ləğv edir, kitabları atır.

Hər evdə kitab rəfi vardı

Vaxt vardı ki, hər evdə kiçik də olsa, kitab rəfi vardı. O rəflərdə hər kəsin zövqünə uyğun kitablar yer alırdı. Kitab rəfi olmayan evlərə qəribə baxırdıq. Kitab rəfləri olan evlərdə ailə üzvlərinə hörmətimiz artırdı.

O zamanlar kitab rəfləri ziyalılığın göstəricisi idi. Həm də tək müəllimin, həkimin, jurnalistin, digər sahələrin təhsilli mütəxəssislərinin deyil, sıravi əmək adamlarının, kəndi zəhmətkeşin evində də kitab rəflərinin olması təhsilindən asılı olmayaraq hər kəsə bir ziyalılıq bəxş edirdi. Çünki hamı oxuyurdu. Özünü kitabsız təsvir edə bilmirdi.

Evlərdə qonaq otaqlarının ən böyük divarı kitab rəfləri üçün ayrılırdı. Ev sahibi buradakı yüzlərlə kitabı dəfələrlə oxuyub başa çıxandan sonra kitabxanalara üz tutur, yeni kitablar alıb gətirir, oxuyub yenidən kitabxanaya qaytarırdı. Kitabın qaytarılması üçün 3-7 gün vaxt verilirdi. Qaytaracağın tarix kitabın birinci səhifəsinə yazılırdı və həmin tarixdə kitab təhvil verilməli idi. Hələ elə olurdu ki, qoyulan vaxtdan bir qədər də tez qaytarıb yeni kitab alırdıq. Çünki gecələr valideynlərimiz “ay bala, işığı söndürün, gecdir, yatın”,- deyəndə, işığı söndürür, elə ki onlar yatdılar, qalxıb yenidən yandırıb oxumağa başlayırdıq.

Kitablar günlərlə gecələri sübhə qədər oyaq qalmamızın səbəbi olurdu. O qədər maraqlı hadisələr, talelərlə qarşılaşırdıq ki, o hadisələrin sonunu, o talelərin axır aqibətini bilmədən kitabı qatlayıb bir kənara qoya bilmirdik. Bu səbəbdən də kitab bizim ən yaxın dostumuz, həmdəmimiz idi. Həyatımızın bir parçası idi...

Kitabı əlimizdən alıb telefon verdilər...

Lakin təəssüf ki, illərdir, kitabı əlimizdən alıb əvəzində telefon verdilər. Bu telefonlar bizə nə etdi? Onu etdi ki, bir daha əlimizə kitab götürmədik. İllərin dostunu sonradan tapdığımız, hələ tanımadığımız müasir dostumuza qurban verdik. İllərin həmdəmini, sirdaşını, söhbət, and yerini sosial şəbəkələrə satdıq.

Kitablardan əl götürüb sosial şəbəkələrə qonaq olduq. Kitablarda bir hadisənin sonunu bilmədən onu əlimizdən yerə qoya bilmədiyimiz halda, sosial şəbəkələrdə dəyişib başqalaşdıq. Onu orda yarımçıq qoyduq, bunu burda. Bir az hadisələrin əvvəlinə baxdıq, maraqlı olmadığı üçün davam etmədik. diqqətimizi artıq tərbiyə alacağımız videolar, söhbətlər cəlb etmədi, tərbiyəmizi pozacaq video, söhbətlərə maraq göstərdik.

Bir zamanlar abır-həya, iffət deyilən gözəl duyğular öyrədən kitabları əlimizdən yerə qoyub telefonları götürəndə baxdıq ki, abır-həya, iffət yoxa çıxır, hər gün bir az... Kitablar bizə düzgün yol göstərirdisə, telefonlarda əsla bu yolları görə bilmədik. Baxdıq ki, gənc, cavan qız, gəlinlər sosial şəbəkələrdə özlərini reklam edir, ağıza alınmayacaq sözlər danışır, təkliflər edir. Baxdıq ki, yaşlı kişi-qadın burada elə hərəkətlər edir ki, adam yaşlanacağına nifrət edir. Baxdıq ki, uşaqları bu şəbəkələrdə meymun edib oynadırlar. Çox təəssüf...

Kitabı əlindən alınmış bizlər nə etdik? Uşaqlarımıza kitab oxumaq, onların əlinə kitab vermək əvəzinə telefon verdik, saatlarla kompüter, televizor qarşısında əyləşdirdik. Uşaq yemək yemədi, telefonu verdik əlinə, o, telefonda bizim mentalitetə uyğun olmayan cizgi filmlərinə baxa-baxa ağzını açdı, biz də onu yedirtdik.

Serialımız başladı, “nə edək ki, bu uşaq bizə mane olmasın” dedik. Telefonu verdik əlinə, oturtduq televizor qarşısında. Ta uşaq orada nəyə baxdı, baxarkən qarşısına nələr çıxdı, fərqinə varmadıq. Biz ayılanda artıq iş işdən keçmişdi.

Rəfiqəmiz zəng vurdu, biz də nə az, nə çox, onunla düz bir-iki saat danışmağa başladıq. Uşaq haradadır, harada olacaq, əlində telefon, evin bir küncündə. Sabah nə olur? Uşaq artıq bizim geyindirdiyimiz paltarları, bişirdiyimiz yeməkləri, ona qarşı münasibətləri bəyənmir. Ayaqlarını yerə dirəyir ki, mən öz seçdiyim paltarı geyinəcəyəm, arzuladığım yeməyi yeyəcəyəm, ata-ana isə mənə cizgi filmindəki qəhrəmanımın yanaşması kimi yanaşacaq.

Nəticə isə budur ki, biz öz əllərimizlə, öz xəstə təfəkkürümüzlə övladlarımızın gələcəyini məhv edirik. Bunu bizə kənardan etmirlər, bəli, özümüz edirik. Bilə-bilə, görə-görə...

Evlər təmirə, kitablar zibilliyə...

Bəli, bu, bir faktdır ki, köhnə evində kitab rəfi olan yeni adam evinə köçəndə artıq buna ehtiyac görmür. Və yaxud da evini təmir etdirirsə, artıq təmirli evində kitab rəflərini istəmir. Maraqlıdır, nə üçün belədir? Sosioloq Elçin Bayramlı deyir ki, son getdiyim 20-30 evdə kitab rəfinə rast gəlməmişəm. Bu, bir faktdır ki, insanlar evlərini təmir etdirəndən sonra kitabları yeni təmirli evlərinə yaraşdırmır. Dəfələrlə şahidi olmuşam ki, bir evdə təmirə başlandı, sabahı gün kitablar məişət tullantıları atılan qutuların yanında olur.

Sosioloqun fikirləri ilə tamamilə razılaşıram ki, bəli, evlərdə artıq kitab rəflərinə tədadüfi hallarda rast gəlmək olur. Məsələn, həmişə getdiyin evdir. Böyük də kitabxanası var. Mənzil sahibi evini dəyişir və ya təmir etdirir, baxırsan ki, kitabxana ixtisara düşdü. Soruşanda da deyirlər ki, əşi, kiril əlifbası ilə olan kitablar idi əksəriyyəti, indi onlar nəyə gərəkdir...

Necə yəni nəyə gərəkdir? Biz zamanlar onlardan həyatı, mədəniyyəti, davranış qaydalarını, özünümüdafiəni, hüquqlarımızı öyrənmişik. Biz özümüz o kitabları oxuya bilirik. Belə isə onları niyə atmalıyıq? Onda belə çıxır ki, bizi böyüdən, qayğı göstərən, ömürlərini verən valideynlərimizə qocalanda deyək ki, daha bizə lazım deyilsiniz?..

Kitablar da əslində bizim doğmamızdır. Onları qorumaq əzizlərimizi qorumaq qədər vacibdir. Lakin biz çox dəyişmişik. Necə ki, bəzilərimiz yaşlanan ata-analarımızı bəyənmir, heç nəyi artıq bizə xoş gəlmir, bir yerdə yaşamaq istəmirik, onları evin içində tək qoyub ayrı yaşayır və yaxud da hər hansı bir qocalar, ahıllar evinə yerləşdiririk, kitablara da münasibətimiz eynidir. Onlardan zamanında oxumağımıza, öyrənməyimizə, əxz etməyimizə, bəhrələnməyimizə baxmayaraq, artıq əlifba dəyişib, kitablar da sanki yaşlaşıblar, onlara nə ehtiyac var ki, fikrindəyik.

Bu səbəbdən də yeni evlərimizə, təmirli mənzillərimizə vərəqləri köhnələn, cildləri sökülən kitabları yaraşdırmırıq. Axı onların köhnə görünüşü bizim yeni mənzilimizin gözəlliyinə xələl gətirər. Bu səbəbdən də “bu gün təmir başlanılan evi harada görsəniz, bilin ki, sabah zibillikdə kitabları görəcəksiniz”,- deyir sosioloq Elçin Bayramlı. Və sosioloq kitabsevərlərə onu da məsləhət bilir ki, harada təmirə başlayan ev görsəniz, sabahı həmin evə yaxın tullantı yerində istədiyiniz kitabı əldə edə bilərsiniz.

Beləliklə, görün biz nə günlərə qaldıq...

Kitabsız ev-soyuq məzar

Mən kitabsız evləri soyuq məzara bənzədirəm. Kitab evlərə istilik, səmimiyyət, asidə vaxtın səmərəliliyini bəxş edir. 90-cı illərdə-ölkəmizdə iqtisadi tənəzzül dövründə günlərlə elektrik enerjisi tapa bilmədiyimiz vaxtlarda çıraq işığında oxuduğumuz kitablar bizim köməyimiz oldu. Həmin dövrün ağırlığını kitab oxumaqla dəf edə bildik. Uzun günlərin, gecələrin öhdəsindən kitabla birlikdə gəldik.

Lakin indi həmdəmimiz olan kitablara ta evimizdə yer yoxdur. Unutmuşuq onları, həyatımızdan çıxarmışıq. Evimizə yaraşdırmırıq. İndi biz yalnız telefonlara-gecə-gündüz özümüzdən kənara qoymadığımız, gecə yatanda da yastığımızın yanında yer alan kabusa üstünlük veririk. Saatlarla telefonlarda qalırıq, sosial şəbəkələri gəzirik. Ruhumuzu, mənəviyyatımızı, dünyamızı zəhərləyirik.

Dərketmə qabiliyyətimiz o qədər zəifləyib ki, nəyin xeyrimizə, nəyin ziyanımıza olduğunu artıq düşünə bilmirik. Düşünsəydik, əsla kitabları əlimizdən yerə qoyub telefonları-bizi ölümə hər gün yaxınlaşdıran bu süni intellekt vasitəsini almazdıq.

Uzun illər kitab oxuduq, faydasını hələ də görürük. Bu telefonların “faydasını” da görməkdəyik. Artıq hələ ömrü kitablardan çox gənc olan telefonların “töhfəsini” müəyyən qədər görmüşük. Gör onlar kitabların yaşına gələndə nələri görəcəyik.

Təəssüf etməkdən başqa çarə yoxdur...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə