Taksi qiymətləri necə müəyyən olunmalıdır? - EKSPERT DANIŞDI

“Taksi sürücülərinin qiymətin aşağı olması ilə bağlı narazılıqlar etməsi barədə tez-tez sosial şəbəkələrdə videolar və ya səs yazılarına rast gəlmək olur. Bunun bir neçə səbəbi var. Ən başlıcası isə qiymət və sərfiyyat məsələsidir. Son zamanlarda elm və texnologiyanın inkişaf etməsi, avtomobil sənayesinə sirayət etməsi, daha ucuz və maya dəyərindən aşağı olan gediş haqqıya səbəb olacaq avtomobillərin ölkəyə gətirilməsi qiymət balansını pozub”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bunu adətən yanacaq sərfiyyatı yüksək, amma qiyməti aşağı olan avtomobillərə şamil etmək olar: “Daha çox hibrid və elektromobil olan avtomobillərdə belə hallara rast gəlinir. Lakin bu, mütəmadi olaraq baş vermir. Çünki onların əksəriyyəti icarəyə verildiyi üçün günün müəyyən saatlarında onlar bunu tənzimləyə bilirlər”.

Ekspert sözlərinə davam edərək bildirib ki, nəqliyyat vasitələrində qiymətlə bağlı Tarif Şurası və ya İqtisadiyyat Nazirliyi kimi tabeli qurumlar qiymətləndirmə apara bilər: “Amma şirkətlərin özlərinin standart qiymət təyin etməsi vətəndaşlar arasında narazıçılığa gətirib çıxara bilər. Doğrudur, taksi xidməti şirkətlərində hazırda olan qiymətlər sərnişinləri məmnun edir. Çünki qiymətlər əlçatandır. Düşünürəm ki, sürücülər baxımdan bu məsələni həll etməkdən ötrü standart trafikasiya qiymətləri müəyyən etmək olar. Avropa ölkələrində olduğu kimi, 1 km civarında qiymətlər təyin etmək olar. Hansı ki bu qiymətləri şəhərlərarası sərnişindaşımada nəqliyyat idarəsi Tarif Şurasına müraciət edərək bu qiymətləri müəyyənləşdirib. Amma taksilər barədə 1 km-in qiyməti nə qədərdir demək çətindir. Çünki standart qiymət yoxdur. Ortalama qiymət 75-80 qəpik civarında hesablanır, amma bu da rəsmi deyil”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə