"Dayım xocalılılara kömək edəndə düşmən gülləsinə tuş gəldi" - XOCALI SAKİNİ DANIŞDI

Bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsindən 31 il ötür. Bu, dünyada görünməmiş bir genosid idi. Erməni silahlı qüvvələri beynəlxalq hüquq norma və prinsiplərini kobudcasına pozaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımında 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Xocalı sakini Mərhəmət Həsənov dədə-baba yurdunun başına gətirilən həmin müsibətlər barədə təəssüratlarını SİA ilə bölüşüb. Onun sözlərinə görə, Xocalı faciəsində 613 nəfər həlak olmuş, 1275 nəfər isə girov götürülmüşdür: “Həmin gecədə dayım Füzuli Rüstəmov da şəhid olub. Qanlı gecə baş verən zaman dayım xocalıların meşə yolu ilə Ağdama sağ-salamat çatdırılmasında əsl qəhrəmanlıq nümayiş etdirib. 300-ə yaxın sakini meşə ilə şəhərdən çıxarmağa müvəffəq olub. 3 dəfə Xocalı sakinlərinin Ağdama aparılmasına başçılıq edib. Yəni, həmin gecə 3 dəfə Ağdama gedib və qayıdıb. Artıq dördüncü dəfə əhalini Ağdama apararkən düşmən gülləsinə tuş gəlib. Hadisə gecəsi yaralanan dayım Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec idi. O, xəstəxanaya çatdırıldıqda dünyasını dəyişmişdi. Dayım şəhid olduğu zaman subay idi. Ailədə 1 bacı, 1 qardaş olublar. Anamgil uşaqlıqdan ata və anasını itirib, yetimçiliklə böyüyüblər. Anamı və dayımı uşaqlıqdan xalaları Səkinə xanım himayə edib”.

Mərhəmət Həsənov sözlərinə davam edərək qeyd edib ki, dayısı şəhid Füzuli Rüstəmov ölümündən sonra 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin 553 saylı sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” medalı ilə təltif olunub: “Ulu Öndərimiz “Azərbaycanın Milli Qəhrəmanı” medalını bacısına, yəni anama təqdim edib. Bu, Ümummilli Lider Heydər Əliyevin xalqına, şəhidlərinə və onların ailələrinə diqqət və hörmətlə yanaşdığının bariz nümunəsi idi”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə