Bəzi gənclər niyə mütaliəyə maraq göstərmir? - SORĞU

Ruhumuzun qidası nədir desələr fikirləşmədən kitablardır deyə bilərik. Kitablar bizim yaxın dostumuzdur. İnsan xarakterinin, şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında mütaliə birinci yerdə duran amillərdəndir. Kitabların həyatımızda rolu isə böyük əhəmiyyət kəsb etməsidir. Hər bir kitab bilik, maarif mənbəyidir. İstənilən janrda olan kitablar qiymətli informasiya mənbəyidir.

Keçmişə qısa nəzər yetirsək görərik ki, keçmiş gənclər arasında mütaliə etmək gündəlik hobbilərindən birinə çevrilmişdi. Bəs texnologiyanın bu qədər çox inkişaf etdiyi müasir dövrümüzdə vəziyyət necədir? Mövzu ilə əlaqədar olaraq SİA gənclər arasında sorğu keçirib.
Jalə Mehdizadə: "Keçmiş dövrlərə nəzərən günümüzdə gənclərin mütaliəyə bir o qədər də maraq göstərmədiklərini görürük. Buna səbəb gənclərimizin bir çoxunun informasiya və məlumatları internet üzərindən əldə etməsidir, vaxtlarının bir çox hissəsini isə sosial şəbəkələrdə keçirmələridir. Hətta bəzi gənclərimiz artıq erkən yaşlardan işləməyə başlayır və şəxsi inkişaflarına demək olar ki, vaxt ayıra bilmirlər. Hal-hazırda gənclər kitab, jurnal, qəzet kimi informasiya mənbələri əvəzinə internetdə vaxt keçirməyi üstün tuturlar. Digər səbəb olaraq isə düşünürəm ki, hələ erkən yaşından uşaqlara telefon istifadəsinə icazə verilməsidir".

Seyidəkbər Axundov: "Gənclərin mütaliəyə olan marağının azalması ondan irəli gəlir ki, internetə daha çox vaxt sərf edirlər. Kompyuter və telefon vasitəsilə mütaliədən qaçmaq onların sağlamlığına ziyan verə bilər. Mən məsləhət görürəm ki, onlar az da olsa vaxt ayırıb mütaliə etsinlər. Belə halda onların dünya görüşləri artacaq. Dövr dəyişsə belə insanlar kitab oxumaqdan imtina etməməlidirlər".

Hamar Quluzadə: "Mütaliəyə marağın itməsinin səbəbi rəqəmsal medianın inkişaf etməsidir. 2023-cü ildə sosial şəbəkələrdən və internetdən istifadə əhalinin 40 faizini təşkil etmişdir. İstədiyimiz informasiyanı "facebook", "tviter", "instaqram" və digər platformalardan oxuyuruq. Texnologiya o qədər inkişaf edib ki, istənilən kitabı elektron formada yükləyib səsli formada da dinləyə bilərik. Bunlar texnologiya tərəfdən müsbət hal kimi götürülə bilər ki, kitabları artıq onlayn formatda oxuya bilirik. Mənfi cəhəti isə mütaliə etməmək gənclərin fikrini ifadə etməməsinə, söz bazasının azalmasına gətirib çıxarır".

Ceyhun Vaqifli: "İnsanlar kitablar vasitəsilə alacaqları məlumatları kompyuter və ya telefon vasitəsi ilə əldə edirlər. Bu da əsasən gənclərin tənbəlləşməsinə və kitablara qarşı marağın azalmasına gətirib çıxarır. Ən böyük səbəb isə texnologiyanın inkişafıdır".

Nübar Allahverdiyeva: "Günümüzün aktual məsələlərindən biri də XX əsr gənclərin maraq dairələridir. Əvvəlki nəsil ilə müqayisədə müasir gənclər daha çox irəlidədir. Amma buna baxmayaraq onlarda mütaliə etmək istəyi daha aşağı səviyyədədir. Buna səbəb isə günümüzün reallığı olan sosial şəbəkələr və bir neçə saytlardır. Düşünürəm ki, onlar istədikləri hər şeyə tez və asan sahib olmaq üçün işin ən asan tərəfi olan sosial şəbəkələrdən rahatlıqla istifadə edir və istədikləri məlumatları vaxt sərf etmədən əldə edə bilirlər".

Rəşid Qarayev: "Müasir gənclərin kitab oxumağa marağının azalmasının səbəblərində ilk biz baxmalıyıq ki, gənclərin marağını çəkəcək kitablar yazılırmı? Təbii ki, yeni dövr gənclər ilə əvvəlki gənclərin maraqları eyni deyil. Yəni texnologiya dövründə yaşayırıq. Gənclərin diqqətini çəkən müxtəlif aspektlər var. Həmin mövzuda kitabların nəşr edilməsi bəlkə də həmin gənclərin mütaliəyə olan marağını artıra bilər"

Jalə Gözəlova: "Düşünürəm ki, bu mövzuya aid müasir dövrümüzdə informasiya bolluğunun yüksək şəkildə olması və tələbatlarını KİV ilə ödəməyini nümunə göstərə bilərik. İnsanlar KİV vasitələri ilə əsasən kompyuter və televizorla informasiyaya olan tələbatlarını ödəyirlər. Bundan başqa sosial şəbəkələrdən aldığı məlumatlar onlar üçün daha əhatəli informasiya sayılır və bununla məhdudlaşırlar. Bəziləri isə təkcə elə informasiya ilə məhdudlaşmır, kitabxanalara üz tutur, müxtəlif növ janrlarda olan kitablarla mütaliə edirlər. Təbii ki, onlar digərlərindən öndədirlər. Həm söz ehtiyatı cəhətdən, həm də biliklərinin əhatəli formalaşması cəhətdən digərlərindən öndə olmuş olurlar".

İsmayıl İsmayılov: "Şəxsən mən mütaliə etmirəm və sözün açığı buna marağım da yoxdur. Buna səbəb isə kitabların elektron formasının internetdə olmasında görürəm. Bu daha rahat, eyni zamanda əlverişli və əlçatandır. Fikrimcə, təkcə mən yox, digər gənclər arasındabda kitablara maraq azalır. İnformasiyaları müasir gənclərin bəziləri kitabdan yox, daha qısa şəkildə internetdən əldə etməyi daha üstün tuturlar".

Aytac Fuadqızı: "Gənclərin mütaliə etməyə marağının azalmasının başlıca səbəbi internetin inkişaf etməsidir. Nəzər yetirsək görərik ki, kitablar səsli formada və ya elektron formada da mövcuddur. Amma gənclər sosial şəbəkələrdə, oyunlarda vaxt itirdiklərinə görə mütaliə etməyi yadlarına salmırlar. Keçmişdə gənclər boş vaxtlarının səmərəli keçməsi üçün daim mütaliə edirdilər. Təəssüflər olsun ki, bu xüsusiyyət müasir gənclərin çoxusuna aid edilmir".

Elvin Cəfərov: "Müasir dövrdə kitabların yerini internet aldığından kitablara maraq zəifləyib. Kitablarda olan məlumatı bir neçə günə mənimsəməkdənsə bunu daha qısa müddətdə və asan yollarla mənimsəmək mümkündür. Kitablardakı informasiyalar günümüzdə o qədər də aktual və operativ olmadığı üçün gənclərin marağı azalıb. Sovet dövründə internet məhdudiyyəti olduğu üçün belə məsələlələr formalaşmamışdı. SSRİ dağıldıqdan sonra internet mütaliənin qabağına keçmiş oldu".

Çinarə Muradova: "Fikrimcə, mütaliə etməməyin başlıca səbəbi gənclərdə olan həvəssizlikdir. Kitab oxumaq üçün onlarda motivasiya olmalıdır. Hal-hazırda sosial media o qədər inkişaf edib ki, gənclər hər məlumatı ordan vizual, audial şəkildə əldə edir və istədikləri informasiya ilə məlumatlanırlar. Bununla da kitab oxumağa nə səbrləri, nə də vaxtları olur".

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə