Tələbələrin Xocalı soyqırımı barədə DÜŞÜNCƏLƏRİ - SORĞU

Xocalı xalqımızın dərin yarasıdır. Bu soyqırımı eşidən hər bir azərbaycanlının ürəyi parçalanmış vəziyyətdədir. Xocalı soyqırımı XX əsrdə ermənilərin törətdiyi vəhşiliklərin bir nümunəsidir. Bu hadisəni, bu faciəni ifadə etmək mümkün deyil, gərək onu yaşayasan. Xocalı dedikdə hələ də yerdəki qanlar, işgəncəyə məruz qalmış qadın və uşaqlar, minlərlə cəsədlər, qışqırıq səsləri və daha nələr-nələr göz önündə canlanır.

Azərbaycan xalqı üçün Xocalı faciəsi mühüm əhəmiyyət kəsb edir və həmin gün tarixə qanla yazılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı dəfələrlə etnik təmizləmələrə, zorakılıqlara, faciələrə, soyqırımlara məruz qalmışdır. Hər bir azərbaycanlı gənc üçün kədər hissi yaradan bu faciə onlar üçün unudulmaz tarixdir.

Azərbaycan Respublikası hər il 26 fevralı Xocalı soyqırımı günü kimi qeyd edir. Hər bir vətəndaşın da borcudur ki, ermənilərin törətdikləri bu günü gələcək nəsillərə ötürsün və unutdurmasın. Bəs, görək Azərbaycan gəncləri xalqımızın başına gətirilmiş bu soyqırım haqqında nə hisslər keçirir? Mövzu ilə əlaqədar olaraq SİA azərbaycanlı tələbələr arasında sorğu keçirib.

Tələbə Rafiq Yusifov: "26 fevral Xocalı soyqırımının anım günüdür. Təbii ki, biz bu hadisəni kədərli xatirələrlə yad edirik. Xocal faciəsinə aid görüntülərə baxanda çox pis oluram. Qonşumuz Xocalı rayonundandır. O bizə həmişə Xocalı soyqırımı haqqında danışırdı. Xocalıdan olan insanların ürəyi hər gün sızlayır. Bir gün istəyirəm ki, Xocalını təkcə şəkillərdə yox, canlı gedim görüm".

Tələbə Elbrus Kərimli: "Mən özüm də Xocalı rayonundanam. Xocalı soyqırımı qanında əsl azərbaycanlı qanı axan hər bir şəxs üçün böyük bir faciədir. Xocalı soyqırımında istər uşaq, istərsə də yaşlılar erməni vandalizminin qurbanı olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların da qisasının II Qarabağ müharibəsində alındığını düşünürəm".

Tələbə Həcər Əmiraslanlı: "Xocalı hadisəsi baş verdikdən 11 il sonra dünyaya gəlmişəm. Lakin buna baxmayaraq Xocalı faciəsi haqqında daim dərsliklərdən, internet və kitablardan məlumatlar əldə etmişik. Xocalı faciəsi təkcə bizim deyil, bəşəriyyətin qanlı faciəsi kimi qiymətləndirilir. Xocalı soyqırımı hər birimizin ürəyində dərin iz buraxıb. Yüzlərlə dinc, günahsız körpələrin, qadınların, yaşlıların amansızlıqla qətlə yetirilməsi daim sinəmizi dağlayır. Mən düşünürəm ki, biz Xocalı faciəsini unutmaq yox, daim ona aid tədbirlər keçirməklə bu günü gənc nəsillərimizə və gələcək bəşəriyyətimizə unutdurmamalıyıq".

Tələbə Maya Həsənova: "Öncəliklə vurğulamaq istəyirəm ki, Xocalı faciəsi uzun ilərdir ki, Azərbaycanın qan yaddaşıdır və bundan danışmaq mənim üçün çətin və ağrılıdır. Mən bir azərbacanlı gənc olaraq daim bunu yaddaşımız kimi xatırlayacam və gələcək nəsillərə ötürülməsində xidmət edəcəyimə söz verirəm".

Tələbə Maya Bayramova: "Azərbaycan vətəndaşları hər il 26 fevral tarixini xüsusi qeyd edirlər. Xocalı faciəsini unutmaq və gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdu".

Tələbə Azər Hüseynov: "Düşünürəm ki, bu hadisə hər bir azərbaycanlının yaddaşına həkk olunmuşdur və biz Xocalını təkcə 26 fevral tarixində deyil, daim xatırlayırıq. Xocalı mənfur düşmən olan ermənilərin vəhşiliklərindən biridir. Xocalı faciəsi insanlığın var olduğunu şübhə altına salan hadisələrdən biridir".

Tələbə Zərif Sofiyeva: "Bu hadisədən əsrlər də belə keçsə unudulmayacaq. Əgər dünyada insanlığın öldüyünə və qiyamətin yaxınlaşdığına nümunə istəsələr çəkinmədən bu faciəni göstərmək olar. Təsəvvür edin ki, barmağımıza tikan batsa necə canımız ağrıyar, bəs orada işəncə ilə qətlə yetirilən körpələri, yaşlıları, ana-atalarımızı dünya nə vaxt başa düşəcək?!".

Tələbə Ataməli Əliyev: "Heç bir azərbaycanlı bu soyqırımdan yan keçməməlidir. Yaşından asılı olmayaraq Xocalını unutmamalıyıq. Çünki bu qanlı tarix olsa belə bizim tariximizdir".

Tələbə Məsumə Məmmədli: "Xocalı faciəsi mənim üçün böyük məna kəsb edir. Çünki Xocalı faciəsi bizim qan yaddaşımızdır. Biz onu nəinki hər il, hər gün xatırlamalı və gələcək nəsillərə öyrətməliyik".

Tələbə Aytən Əliyeva: "Xocalı faciəsi haqqında onu deyə bilərəm ki, canlı şahid deyiləm lakin uşaqlıqdan bu faciə haqqında çox eşitmişəm. Hər il 26 fevral Xocalı soyqırımının qeyd olunması onun unudulmaması üçün mühüm önəm daşıyır. Xocalı faciəsində baş verən hadisələr dəhşətdir. İnsan sadəcə eşidəndə dəhşətə gəlir. Xalqımızın başına gələn faciə unudulmamalıdır".

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə