Gənclərin Xocalı soyqırımına BAXIŞI - SORĞU

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Artıq Xocalı faciəsindən 31 il ötür. Heç vaxt yaddaşlardan silinməyən bu qanlı faciə uşaqdan-böyüyə hər kəsin qəlbində yaradır. Bəs, görək əslən Xocalıdan olan gənclər xalqımızın bu sağalmaz yarası barədə nə düşünürlər. SİA mövzu ilə bağlı sorğu keçirib.

Xocalı sakini Rasim Həsənzadə: "Xocalı soyqırımı - qan yaddaşımızdır! Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Elə Xocalı müsibəti kimi!"

Xocalı sakini Aysel Zülfüqarova: “Xocalı bizim yaralı yerimizdir. Bu faciənin üstündən illər keçməsinə baxmayaraq yaramız tazə qalır. Uşaq-böyük demədən vətəndaşlarımızın amansızcasına qətlə yetirilməsi, başlarına hər cür müsibətin gətirilməsi unudulacaq bir şey deyil. Düşünürəm ki, elə uşaq yaşından etibarən hər bir azərbaycanlını Xocalı faciəsi də daxil olmaqla, bizə yaşadılan bütün soyqırımlar barədə məlumatlandırmalıyıq. Hər kəs keçmişimizi bilib, dünyanı həqiqətlərlə tanış etmək üçün əlindən gələni etməlidir”.

Xocalı sakini Əli Ağabalayev: “Xocalı faciəsi bütövlükdə insanlığa qarşı törədilən cinayədir. Bu həqiqəti bütün dünya bilməlidir. Bunun üçün gənclərin üzərinə böyük öhdəliklər düşür. Çünki biz gənclər ölkəmizin gələcəyiyik. Biz gənclər bundan sonra torpaqlarımızın bir qarışını belə verməmək üçün əlimizdən gələni etməliyik. Ermənilər də layiq olduqları cəzanı alacaqlar. Onlar insanlıqdan kənar əməllər törədərək Xocalıda aldıqları hər can, tökdükləri qan üçün cəzalanacaqlar”.

Xocalı sakini Aytac Salmanlı: “Azərbaycan xalqının tarixində silinməz iz qoyan Xocalı soyqırımı haqqında danışarkən, ilk olaraq onu qeyd etmək istəyirəm ki, bunu 20-ci əsrin və habelə gələcək əsrlərin ən ağır və qanlı faciəsi adlandırsam yanılmaram. Xocalıda insanlar həyatlarını itirməklə qalmadılar. Hətta cəsədlərinə belə təhqiramiz işgəncələr verildi. Öldürdülər, yandırdılar, dəriləri soyuldu. Xocalı sakinləri bir çox dilə gətirilməsi çətin olan işgəncə növlərini gördü. Əslən Xocalıdan olan bir gənc olaraq bunlar haqqında danışmaq belə çox çətindir. Xalqımız çox ağır fəlakətlərə düçar olublar. Xocalı faciəsi də onların başında gəlir. Bu soyqırımları heç vaxt unutmadıq, unutdurmarıq”.

Xocalı sakini Şadiman Abbasov: “Xocalı soyqırımı təkcə bir şəhərin deyil, ümumilikdə bir cəmiyyətin məhvi idi. Mən özüm o anların şahidi olmasam da, valideynlərimin danışdıqlarından dəhşətə düşürəm. Yerlilərimizin, ümumiyyətlə bir insanın başına gələn o şeyləri eşitdikcə adamın qanı donur. Xalqımız tarix boyu insanlığa sığmayan fəlakətlər yaşayıb. Doğrudur, tolerant bir insanam. Amma ermənilər hər zaman düşmənim olub, belə də qalacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə