"Bu il Füzuli-Hadrut və Cəbrayıl-Hadrut avtomobil yolları istifadəyə veriləcək" - SƏRD AÇIQLADI

Bu ilin may ayında Füzuli-Hadrut və Cəbrayıl-Hadrut avtomobil yolları istifadəyə veriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-cil ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. Füzuli-Hadrut avtomobil yolu Şükürbəyli–Cəbrayıl avtomobil yoluna birləşir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biridir. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39,7 km-dir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə