20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri ziyarət edilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qanlı Yanvar hadisələrində əlil olan Pirallahı sakinlərini - Əliyev Gülağa Hacağa oğlunu və Əmirova Almaz Əzizağa qızını ziyarət ediblər. SİA xəbər verir ki, 20 Yanvar əlilləri ilə görüş zamanı Emil Abasov bildirib ki, Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib. Natiq vurğuladı ki, Prezident İlham Əliyev açıqladığı sosial paketdə ifadə olunan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkünlər və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunubdur. Belə ki, dövlət başçısı 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə 2023-cü ildə yeni fərman imzalamış və sosial ödənişlərin məbləği növbəti dəfə artırılmışdır.

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olduğunu söyləyərək qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsini, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özülünü sarsıtdı. Bildirildi ki, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərovanın sözlərinə görə, 20 Yanvar qırğını və digər faciələr zamanı mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız 20 Yanvar gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qızıl Aypara Cəmiyyəti öz növbəsində hər zaman şəhid ailələrinə, qazilərə və diğər aztəminatlı ailələrə öz maddi və mənəvi dəstəyini heç zaman əsirgəməmişdir.

Görüşün sonunda əlillərə maddi yardım və əlil arabası təqdim olunmuşdur. Ziyarət zamanı 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə