"Sosial islahatlar zərfi əhalinin rifahının yüksəlməsinə səbəb olacaq” - DEPUTAT ŞƏRH ETDİ
“2019-cu ildən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin sosial islahatlar aparılır. İndiyə qədər 4 sosial islahatlar zərfi qəbul edilib. Bu ilin yanvarın 5-i və 13-də Prezidentin imzaladığı fərman və sərəncamlarla ölkə üzrə minimum əməkhaqqı qaldırıldı, dövlət büdcəsi sektorunda çalışan vahid tarix cədvəli üzrə 1-19-cu dərəcədə olan hər kəsin əməkhaqqısının 15% artırılması təmin olundu. Eyni zamanda, özəl sektorda çalışan 450 min vətəndaşımızın da əməkhaqqısının qaldırılmasına real şərait yarandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq Prezidentin sərəncamı ilə pensiyaların indeksasiya edilməsi təxminən bütün növ pensiyaların 15% artmasına gətirib çıxardı: “Pensiyanın minimum məbləğinin 240-dan 280 manata qaldırılması ilə bağlı Prezidentin hökumətə verdiyi tapşırıq da icra olunandan sonra bütün kateqoriyalardan olan 100 mindən çox pensiyaçımızın pensiyasının minimum məbləği artırılacaq”.
Deputat sözlərinə davam edərək bildirib ki, Prezidentin yanvarın 13-də verdiyi sərəncamlar 25-dən çox istiqamətdə həssas qruplardan olan vətəndaşlarımızın sosial təminatının yaxşılaşmasına səbəb olacaq: “Burada müxtəlif növ müavinətlərin artırılması, Prezident təqaüdlərinin, tələbə təqaüdlərinin, fəxri adları olan pensiyaçıların, xalq artistləri, əməkdar jurnalistlər, həkimlər, elmi işçilərin də pensiyalarının artırılması nəzərdə tutulub. Bütövlükdə IV sosial islahatlar paketi 2 milyona yaxın Azərbaycan vətəndaşının sosial rifahına müsbət təsir göstərəcək və 750 milyondan çox əlavə büdcə vəsaiti tələb edəcəkdir. Verilən sərəncamlar içərisində şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin artırılmasına xüsusi diqqət yetirmək lazımdır. Həmçinin, çoxuşaqlı ailələrə verilən uşaq pulunun, uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlərin 300-dən 500 manata qaldırılması və s. kimi məsələlər uşaqların sosial müdafiəsinin gücləndirilməsinə də öz töhfəsini verəcək. Ümumilikdə qəbul olunmuş sosial islahatlar zərfi əhalinin rifahının yüksəlməsinə səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB