"Səssizliyiniz qəddarlığa dəstək deməkdir”

Mövzu ilə bağlı xəbər İranın yarı rəsmi informasiya agentliyi “Tesnim”də yazılıb

İranlı aktrisa Təranə Əlidusti Məhsa Əmininin ölümündən sonra başlayan etirazları qızışdırmaq ittihamı ilə saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, mövzu ilə bağlı xəbər İranın yarı rəsmi informasiya agentliyi “Tesnim”də yazılıb.

Məlumata görə, saxlanılan aktrisa Təranə Əlidusti “yalan və təhrif olunmuş məzmunlu paylaşımlar etmək”, “iğtişaşları qızışdırmaq” və “İran əleyhinə qrupları dəstəkləmək”də ittiham olunub.

Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatı qazanan "Furuşende” (Satıcı) filmindəki roluna görə dünya şöhrəti qazanıb.

İranlı aktrisa noyabrın 10-da sosial media hesabında Məhsa Əmininin ölümündən sonra başlayan və üçüncü ayını geridə qoyan etirazlara dəstək olaraq hicabsız fotosunu yerləşdirib. Dekabrın 8-də “İnstagram” hesabında nümayişlərlə bağlı Muhsin Şikari adlı şəxsin edam edilməsinə reaksiya verərək "Səssizliyiniz qəddarlığa dəstək deməkdir. Qan tökülməsini seyr edən və tədbir görməyən beynəlxalq təşkilatlar insanlıq üçün rüsvayçılıqdır” yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə