“Biz Şuşanın səfiriyik” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTOLAR

“Biz Şuşanın səfiriyik” sənədli filmi geniş ictimaiyyətə təqdim olunub. SİA xəbər verir ki, Təqdimat mərasimində millət vəkilləri, dövlət rəsmiləri, yerli və əcnəbi tələbələr, media nümayəndələri iştirak ediblər.

Səndəli film QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi”nin həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində çəkilib.
Qısametrajlı sənədli film ölkənin 18 ali tahsil müəssisəsində təhsil alan 36 ölkədən 44 tələbənin iştirakı ilə Şuşada lentə alınıb. 44 günlük Vətən müharibəsinin Şanlı zəfəri məhz Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. Bu məqsədlə layihədə iştirak etmək üçün simvolik olaraq 44 tələbə seçilib. Seçilən iştirakçılar Şuşaya səfər edib və onların təəssuratlarından ibarət 25 dəqiqəlik sənədli film hazırlanıb. Film 2 dildə hazırlanıb - Azərbaycan və ingilis dilli auditoriya üçün nəzərdə tutulub. Layihənin məqsədi əcnəbi tələbələrə böyük qələbəmizin rəmzi olan Şuşanı tanıtmaq, 30il ərzində işğal altda qalan tarixi Azərbaycan torpaqlarını canlı görmək imkanı yaratmağa hesablanıb. Gələcəkdə filmin xarici ölkələrdə yayımlanması da nəzərdə tutulub.

Tədbirin sonunda sənədli filmə çəkilən əcnəbi tələbələrə çəkiliş prosesi, Şuşanın işğaldan əvvəlki və hazırkı fotolarından ibarət eyni adlı foto albomu, eyni zamanda Şuşanın rəmzi hesab edilən Xarı bülbül nişanı və digər hədiyyələr təqdim olunub.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə