İranın riyakarlığına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Son zamanlar İranın Azərbaycana qarşı bəyanatları, sərgilədiyi anti-Azərbaycan mövqeyi daha açıq şəkildə özünü büruzə verməyə başlayıb. Bundan əlavə, müntəzəm şəkildə İran mediasında Azərbaycana qarşı təbliğat aparılmasının şahidi oluruq. İranın regionda bu dərəcədə gərginlik yaratmaqda maraqlı olmasına səbəb nədir? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Ləman Quluzadə: “İran dövləti ilə uzun illər Azərbaycan arasında dostluq münasibətləri olub. Lakin son zamanlar İran dövləti ilə zamanla bizimlə olan münasibətləri pozaraq, özlərinə Ermənistanı dost bilirlər. Düşünürəm ki, İran bir gün peşman olacaq. Lakin bu belə olsa, artıq sonrakı peşmançılıq fayda verməyəcək”.

Şəhər sakini Murad Əliyev: “İran-Azərbaycan münasibətləri daima yaxşı şəkildə inkişaf edib. Çünki cənubda yetərincə soydaşlarımız yaşayır. İranlılar ilə biz daima yaxşı yola getmişik. Amma görünən odur ki, artıq onlar bizi istəmirlər. Hətta Ermənistan dövlətinin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Bu, həqiqətən də ağır bir fikirlərdir”.

Şəhər sakini Aynur Qasımlı: “Mən siyasət mövzularına dair geniş bir baxışım yoxdur. Lakin onu deyə bilərəm ki, İran dövləti indiki zamanda bir zamanlar dostluq münasibətində olduğu Azərbaycana qarşı düzgün hərəkət etmir. Siyasi zaman kəsiyində bu dərəcədə qarışıq olduğu zamanda İranın Ermənistanın tərəfində olması heç də xoş bir hal deyil”.

Şəhər sakini Aydın Əlizadə: “İran həm bizim qonşu dövlətimizdir, həm də müsəlman ölkəsidir. Bizim tariximiz bir-birinə bağlıdır. İranda bizim qardaşlarımız yaşayır. Amma İranın Azərbaycana qarşı sərgilədiyi mövqe heç düzgün deyil. İran Azərbaycanın yanında olmaq əvəzinə bizə düşmən olan ölkəyə yardım edir. Müharibə zamanı onlara havadarlıq etmişlər. Azərbaycan hər zaman qonşu dövlətlərlə dostluq münasibəti qurmağa çalışıb. Amma İran Azərbaycanın yanında olmadı”.

Şəhər sakini Qurban Hüseynov: “İran Azərbaycana qarşı böyük haqsızlıq edir. İranın Azərbaycana yox, Ermənistana dəstək verməsi çox böyük bir haqsızlıqdır. Onlar bilərəkdən işğalçı dövlətə arxa durur. İran kimi bir çox dövlətlər Ermənistana arxa durmaq istəyir. İran öz səhvini başa düşəcək. Azərbaycan heç bir dövlətə möhtac deyil”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə