Soçi görüşü nə ilə nəticələndi? - DEPUTAT ŞƏRH ETDİ

Soçi görüşü nə ilə nəticələndi? - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan hər zaman olduğu kimi özünün haqlı mövqelərini daha da gücləndirərək bu görüşə getmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi isə əksinə regionda gərginliyə səbəb olacaq addımlar ataraq bu görüşə qatılmışdır: “Hansı yanlış addımlardan söhbət gedir? İlk öncə Praqada Ermənistanın israrı ilə Avropa İttifaqının mülki missiyasının və ATƏT-in regiona səfəri təmin olundu. Buna əslində heç bir ehtiyac yox idi. Azərbaycan Ermənistana sülh bağlamaq üçün təkliflər irəli sürmüşdür. Bu təkliflər üzrə addımlar ataraq yekun sülh sazişini imzalamaq mümkün olardı. Lakin Ermənistanın son zamanlar etdiyi əməllər onu göstərdi ki, onlar yekun sülh sazişini imzalamaqdan boyun qaçırtmaq istəyir. Buna görə də Ermənistan kənardan özünə dəstək axtarır və ATƏT-in Minsk Qrupunun yenidən reabilitasiyasına çalışır. Çünki ATƏT-in Minsk Qrupu Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin vaxtı ilə leqallaşdırmasına xidmət edirdi.

Bu gündə Ermənistan dövləti hesab edir ki, ATƏT-in Minsk Qrupu onların fəaliyyətinə dəstək olacaq. Həmçinin Paşinyan ötən həftənin 5-ci günü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının çağırılmasına nail oldu. Biz bu zaman da gördük ki, Azərbaycan olduqca yüksək ehtirama və hörmətə layiq görülür. Bunu Belarus Prezidenti Lukaşenka açıq məktubla bildirdi. Paşinyanın qoyduğu məsələlərə də ironik yanaşdı. Bütün bu olanların fonunda Azərbaycan təbii ki, görüşdə öz haqlı mövqelərini bir daha böyük inamla müdafiə etmiş oldu.

Görüş 2022-ci il 10 noyabr tarixində birgə bəyannamənin imzalanmasının iki ili tamam olması ərəfəsinə təsadüf edir. Həmçinin ötən ilin noyabrda Soçidə sayca üçüncü sənəd imzalanmışdır. Ondan bir il öncə isə Moskvada bir sənəd imzalanmışdır. Rusiya Prezidenti bildirdi ki, imzalanmış sənədlərdə istifadə olunmuş şərtlərə nə dərəcədə əməl olunması məsələsi də vacibdir. Bu baxımdan Ermənistanın cavab verməli olduğu məqamlar var idi. Çünki Azərbaycan əldə olunmuş razılaşmanın şərtlərinə uyğun olaraq demək olar ki, mühüm addımları atdı. Ermənistan tərəfi isə sözdə dediklərini əməldə təsdiq etmədi. Bu baxımdan Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirərək, öz maraqlarına uyğun şəkildə iradəsini və əzmini göstərmiş oldu. Diqqəti çəkən məqamlardan biri də görüşün nəticəsi olaraq təqdim olunan bəyanatda nə Qarabağ adı çəkilmədi, nə də Azərbaycan ərazisində yaşayan ermənilərin status məsələsi qabardılmadı. Bu da ona dəlalət edir ki, sülhə aparan proseslər Azərbaycanın irəli sürmüş olduğu təklifləri həyata keçirtməkdədir. Bir sözlə Soçi görüşü bir çox proseslərin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə