"Ermənistan dünya birliyi tərəfindən mütləq cəzalandırılmalıdır" - POLİTOLOQ DANIŞDI

"Ermənistan dünya birliyi tərəfindən mütləq cəzalandırılmalıdır" - POLİTOLOQ DANIŞDI

"Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları və nəticədə 27 nəfərin həyatanı itirməsi 70 nəfərdən artıq insanın yaralanması təbii ki terror aktıdır. Raket zərbələrinin cəbhə xəttindən xeyli aralıda mülki obyektlərə endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə görə cinayətdir. Belə ki, mülki əhalinin hücuma məruz qalması 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Hansı ki, Ermənistan da bu konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə Ermənistan münaqişə zamanı heç bir halda mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyini qəbul edib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, konvensiyanın tələbinə əsasən, müharibələr zamanı mülki obyektləri və əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur. Mülki əhali və obyektləri hədəf almaq beynəlxalq humanitar hüquqa, yəni 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə qadağandır.

Hər birimiz həmin vaxt bu cür cinayətlərin təkcə Bərdədə deyil, Gəncə, Tər-Tər, Ağdam və digər rayonlarımızda da törədildiyinin şahidi olduq. Bütün cəbhə boyu məğlubiyyətə uğrayan düşmən növbəti dəfə də öz xislətini ortaya qoyaraq uşaq, yaşlı, qadın demədən dinc əhalini hədəf aldı. Bütün bunlar Ermənistanın terror dövləti olmasına bariz şəkildə ortaya qoyur. Heç şübhəsiz ki, bu terror aksiyasına görə birbaşa məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi, daha dəqiq desək Paşinyan və o zaman Ermənistan müdafiə naziri olmuş Tonoyan daşıyır. Hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymayaraq əslində erməni faşizminin mundar simasının növbəti dəfə ortaya qoymuş oldu.

Düzdür Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə bu caniləri lazımınca cəzalandırdı. Amma əfsuslar olsun ki, dünya birliyi Azərbaycan əhalisinə qarşı olan bu terrora hələ də ikili standartlarla yanaşır. Dünyanın ayrı-ayrı aparıcı təşkilatları, ATƏT, Avropa Birliyi, BMT kimi qurumlar o zaman susduqları kimi, terror aktından iki il keşməsinə baxmayaraq hələ də susur.

Ermənistan dünya birliyi tərəfindən mütləq cəzalandırılmalıdır. Çünki Ermənistan terror həyata keçirib, terrorla mübarizə isə təkcə Azərbaycan ordusunun deyil, bütün mütərəqqi dünyanın vəzifəsi olmalıdır. Bu cəzanı isə ilk növbədə 28 ildir Qətnamələri icra olunmayan BMT-nin Təhlükəsizlik Şurası verməlidir.
Təbii ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, kütləvi məzarlıqlarla bağlı faktların, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zəruridir.

Çalışmalıyıq ki, bütün dünya istər birinci Qarabağ savaşında istərsə də 44 günlük Vətən müharibəsi dövründə ermənilərin törətdiyi soyqırım və hərbi cinayətlərlə bağlı həqiqətləri, ümumilikdə 27 Sentyabr - 29 Oktyabr tarixləri arasında baş vermiş cinayətlər nəticəsində uşaq, qadın, yaşlı olmaqla 90 dinc sakinimizin həyatını itirməsini, 392 mülki vətəndaşımızın yaralanmasını, eləcə də müharibəni başa çatmasından sonra ermənilər tərəfindən basdırılmış minalara görə 250 insanımızın həlak olması və ya ağır yaralanması haqqında məlumatları bilsin.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə