Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Səfər zamanı Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyev burada çıxış edib. Məlumat üçün bildirim ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrahmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər müharibənin ilk günündə -sentyabr ayının 27-də düşməndən təmizlənib. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb.

Ölkə başçısı çıxışında, bu gün Azərbaycanda Anım Günü olduğunu, bütün Azərbaycan xalqının şəhidlərimizin əziz xatirəsini yad etdiyini, şəhidlərimizin Vətən, torpaq uğrunda öz canlarını fəda etdiklərini, şəhidlərimizlə, qəhrəman əsgər və zabitlərimizlə fəxr etdiyimizi, şəhidlərimizin qanı yerdə qalmadığını, şəhidlərimizin qanını aldığımızı, döyüş meydanında qisasımızı aldığımızı, doğma torpaqlarımızı düşməndən azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyimizi söyləyərək, 44 günlük Vətən müharibəsi şanlı tariximiz olduğunu, Azərbaycan xalqının bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovduğunu, bütün Azərbaycan xalqı birlik, iradə göstərdiyini, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaratdığımızı, şəhərlərimizin, kəndlərimizin bərpa edib və həm də şanlı Zəfərimizlə fəxr etdiyimizi bildirdi.

Qeyd etmək istəyirəm ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. 44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş Qələbədir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə