Qərbin işə düşən TƏXRİBAT MAŞINI - TƏHLİL

Yenə də Ermənistanda suyu bulandırmaq cəhdləri müşahidə olunur. Brüssel görüşünün ardınca yaxın zamanda sülh müqaviləsi gözlənildiyi halda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana gəlməsi və təxribatlara yenidən rəvac verən ifadələr səsləndirməsi çox ciddi suallar doğurur. Pelosinin işğalçı ölkəyə dəstək ifadə edən mövqeyi təkcə erməni təəssübkeşliyi demək deyil, həm də gərginliyin davam etməsi üçün atılan addımdır və nəyə hesablandığı da diqqəti cəlb edir.

Özünü demokratiyanın, ədalətin, insan haqlarının müdafiəçisi kimi gösərmək istəyən Amerika Birləşmiş Ştatlarının mövqeyi heç də gözlənilən sülh müqaviləsinin reallaşmasına rəvac vermir. İkicə il bundan əvvəl, daha dəqiq desək, müharibə yenicə bitdiyi zaman ermənilər indiki kimi iddialarla çıxış etmirdilər və əlbəttə ki, indi nə baş verdiyi hər kəsi düşündürür. Görəsən, niyə ermənilər bu şəkildə dəyişdilər və səbəb nədir? Cari il lyulun 15-də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bornsin İrəvana səfəri, özü də gözlənilməz səfəri də diqqəti cəlb edir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ermənistanda xüsusi xidmət orqanları ilə yox, məhz erməni baş nazir Nikol Paşinyanla, eləcə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü və bu görüşün mahiyyəti də bəlli deyil, hələ üstəlik sirr olaraq da qalır. Amma sirr olaraq qalsa da bu görüşün ardınca baş verənlər müəyyən məqamlara aydınlıq gətirməyə imkan verir.

Məsələ burasındadır ki, Uilyam Bornsin İrəvana, özü də gözlənilməz səfərinin strateji xarakter daşıdığı özünü Ermənistanın törətdiyi 12-13 sentyabr tarixlərində büruzə verdi. Həmin o hərbi təxribatların ardınca Paşinyanın hökumət üzvləri ilə iclas keçirməsi, KTMT-yə, Rusiyaya, Fransa prezidentinə müraciət ünvanlaması, həmin məqamda ABŞ senatorlarının bir neçəsinin ölkəmiz əleyhinə çıxışlar etməsi, prezindent Makronun təşəbbüsü ilə BMT TŞ-da guya Azərbaycanın hücum etməsi barədə məsələnin müzakirəyə çıxarılması bir çox məsələləri qabarıq şəkildə üzə çıxardı. Təbii ki, burada Qərbin nümayişkəranə şəkildə xüsusi cənfəşanlığı müşahidə edilir. Düzdür, KTMT-nin də, Rusiyanın da ölkəmiz əleyhinə mövqeyində dəyişiklik görülmədi, bir növ, Ermənistan tərəfi istədiyi reaksiyanı ala bilmədi, amma tam aydın oldu ki, Ermənistanın da, Qərbin də məqsədi məsələni uzatmaq, strateji maraqları təmin etmək, bunun üçün də müəyyən addımlara rəvac verməkdir, hansı ki, bu, indi də Pelosinin mövqeyində özünü göstərir.

Hadisələrin gedişi həm erməni məkrinin, həm də Qərbin təxribat maşınının işə düşdüyündən xəbər verir. Ermənistan Parlamentinin spkerinin şəxsən KTMT haqqında dedikləri, bu qurumun ölkəsi üçün lazımsız olduğunu bəyan etməsi, bunu mətbuata belə açıq şəkildə bildirməsi təsadüfi deyildi. Bunun təsadüfi olmadığı özünü, Nensi Pelosinin İrəvana qəfil səfəri ilə dərhal sübut etdi. Nəzərə almaq lazımdır ki, Tayvan səfərinin ardınca Berlində olan Nensi Pelosi elə tədbirdən çıxıb Ermənistana gəlir. Özü də onun belə tələsik gəlişi və Ermənistan Parlamentinin spikerinin KTMT-nin onlar üçün lazımsız qurum olduğunu bəyan etməsindən sonra edilən səfəri təxribat maşınının işə düşməsini göstərir. O da diqqətdən yayınmamalıdır ki, ABŞ-ın təxribat maşınının sükanında oturan bu 82 yaşlı qoca qadın İrəvana gələr-gəlməz də dərhal Ermənistanı demokratik, sülhsevər, üstəlik, firavan ölkə adlandırır. Maraqlıdır, 30 il qonşu ölkənin torpaqlarını işğal altında saxlayan, yeni torpaqları işğal etmək arzusu və niyyəti ilə dalbadal təxribatlara, terror aktlarına, separatçı hərəkətlərə əl atan ölkəni necə sülhsevər adandırmaq olar? Yaxud, Nensi qarı bilmirmi ki, bu işğalçı ölkədə demokratiya pərdəsi arxasında nələr baş verir, insanların haqları necə pozulur və ümumiyyətlə, Ermənistanda ifadə azadlığından, demokratiydan danışmaq gülüncdür? Demokratiya, sülhsevərlik bir tərəfə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri firavan Ermənistan deyəndə də utanmadı? Pelosi hansı firavan ölkədən danışır, səfalət içərisində inləyən Ermənistandanmı? Bəllidir ki, həqiqətləri bilə-bilə onları təhrif edərək, əksini söyləməyin, bəyan etməyin bir anlamı var, bu da ondan ibarətdir ki, Nensi Pelosi Paşinyan iqtidarını müdafiə etmək, anti-Azərbaycan mövqeyində olduğunu bəyan etmək üçün İrəvana səfər edib.

Daha çox diqqəti çəkən məqam isə, Nensi Pelosinin, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin İrəvana gəlişindən bir gün əvvəldən Rusiya yönümlü reklam lövhələrinin, “əbədi birlikdə” yazısı olan Putinin şəkillərinin ermənilər tərəfindən çıxarılması, zibilə atılmasıdır. ABŞ-ın təxribat maşınının sükanında oturan 82 yaşlı qadının gəlişi öncəsi Ermənistan cəmiyyətində yaradılan anti-Rusiya ajiotajı da təsadüfi deyildi, onun gəlişi zamanı Ukrayna bayraqlarının hava limanı yolunda ermənilərin əllərinə almaları da. Bütün bunlar ondan xəbər verir ki, əvvəla rəsmi İrəvan Pelosinin gələcəyini əvvəldən bilirdi və buna görə də Paşinyan hakimiyyəti xüsusi tərzdə ifadə verirdi. Digər tərəfdən isə, hadisələr onu göstərir ki, nümayəndəsini Ermənistana göndərən ABŞ rəsmilərinə xoş olsun deyə İrəvan dəridən-qabıqdan çıxır, deməli, məqsədli şəkildədir hər şey. ABŞ-ın təxribat maşınının sürücünün hövlnak İrəvana yollanmasının da sirri tez bir zamanda ortaya çıxacaq, eyni ilə Uilyam Bernsin İrəvana gəlişinin ardınca təxribatların törədilməsi ilə çıxdığı kimi. Yəni, xanım Pelosinin bu səfərinin ardınca ermənilərin yenə də hoqqa çıxaracaqları tam gözləniləndir və biz buna hazır olmalıyıq. Düzdür, ermənilərin təxribatları ilə nəyə isə nail olacağı artıq tamamilə mümkünsüzdür və onlar təxribatlar törətdikləri zaman öz hərəkətlərinə görə artıqlaması ilə cavab alırlar, amma hər bir halda, itkilərimizin mümkün qədər az olmasını nəzərə alaraq daha ayıq-sayıq olmaq gərəkir.

Erməni hiyləsi, erməni məkri hər zaman olub və bu artıq çox böyük məcrada tətbiq olunmaqdadır və bunu da nəzərə almaq lazım gəlir. İndi ermənilər Rusiya-Ukrayna məsələsinin fonunda ukraynalılara edilən dəstəyi bir növ, gözə soxaraq həmin dəstəyin ermənilərə də göstərilməsinə nail olmaq istəyirlər. Tıxribatçılığı, terrorçuluğu, işğalçılığı dövlət siyasətinə çevirən Ermənistanın baş naziri Paşinyanın onlara heç bir ölkənin silah satmaması barədə gileylənməsi də xüsusilə fikirləri bir məntiqə kökləyir. Deməli, rəsmi İrəvan silah almaq niyyətindədir. Görəsən, bu arada, xüsusən də, təslimiyyətinin ardınca Ermənistanın silah-sursat nəyinə lazım idi? Belə çıxır ki, Qərb öz təxribat maşınını artıq işə sala bilib və ermənilərin yenə də diqqətini təxribata yönəldib. Həll etməli olan məsələlərdən, sülh danışıqlarına hazırlıqdan, delimitasiya və demarkasiyadan yayınmaq, ən azından bunları uzatmaq üçün isə ermənilər vəd olunan yağlı tikələrə tez aldanırlar və bu dəfə də vəziyyətləri qarşılaşdıqları kimi olacaq.

Azərbaycan ərazisində, daha dəqiq desək, Xankəndidə erməni cəsarət edib mitinqlər keçirərək ölkəmizə yönəlik şuarlar səsləndirirsə, bu, artıq həyəcan təbilidir. Növbəti təxribatlara hazırlıq barədə həyacan təbili. Azərbaycan ərazisində yaşayıb bu ölkəyə meydan oxumaq nə deməkdir? Özü də qorxaq erməninin müharibə məğlubiyyətinin ardınca, döyüş meydanını qoyub qaçmasının ardınca belə dırnaqarası “cəsarəti” hər şeydən xəbər verir. Ələlxüsus onu göstərir ki, Qərbin dəstəyinə əminlikləri artıb. Bizim üçün isə ən vacibi, təxribat maşınının işə düşməsi və buna hazırlığımızdır. Nensi Pelosinin gəlişinin ardınca yenə də bu maşının təsirinin özünü göstərə biləcəyi gözləniləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə