Rəşadətli sərhədçilərimiz TƏHLİL

Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları mükafatlandırılıblar

Ölkə daxilində mövcud olan ictimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın əldə etdiyi uğurlardır. Azərbaycan dünya miqyasında böyük nüfuza sahibdir, etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal iştirak edir. Əldə olunan bu və ya digər nailiyyətlərlə yanaşı, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində də böyük işlər görülüb. Hər bir dövlətin ərazisini onun sərhədləri müəyyənləşdirir. Sərhəd müqəddəs məfhumudur. Azərbaycanın dövlət atributları olan himni, bayrağı və gerbi ölkənin müstəqilliyini təsdiq edən amillərdən biri olduğundan, sərhəd məfhumu, sərhəd anlayışı da bu suverenliyin qorunmasında müstəsnadır. Sərhədlərimizin qorunması Azərbaycan vətəndaşının qürur mənbəyi və iftixar hissidir. Bu sərhədlərin toxunulmazlığını təmin edən isə, sərhədçidir. Azərbaycan xalqı qarşısında böyük məsuliyyət hissi daşıyan sərhədçi bu günümüzün və sabahımızın qoruyucusudur desək, fikrimizdə yanılmarıq. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin qorunması, əsas məsələ olaraq diqqətdə idi. Müstəqilliyimizin qorunmasında dövlət sərhədlərinin toxunulmazlığı əsas məsələ olaraq qarşıda dururdu. Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.

SƏRHƏDÇİ PEŞƏSİNƏ VERİLƏN QİYMƏT

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident Sərəncam imzalayıb. Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, bir neçə hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif ediliblər.Eyni zamanda "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında"Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi qulluqçularına ali hərbi rütbələr - general-leytenant və general-mayor ali hərbi rütbəsi verilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, ölkəmizdə sərhəd infrastrukturu mövcud deyildi. Sovet imperiyası dövründə olan sərhəd infrastrukturu, demək olar ki, tamamilə məhv edilmişdir. Ulu Öndərin rəhbərliyi altında, qısa müddət ərzində, Azərbaycanın sərhədlərində tikinti-quruculuq işləri başlanmışdır. Milli sərhəd mühafizəsinin formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhədçi zabit və gizirlərin, xüsusilə, ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ildə Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq, yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı. 2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək, xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı. Ümummilli Lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərərək, sərhədlərimizin toxunulmazlığının təmin edilməsini başlıca vəzifəsi kimi dəyərləndirirdi. "Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır", - deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf mərhələsindədir. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaradıb. Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılıb.

GECƏ-GÜNDÜZ SƏRHƏDDƏ KEŞİK ÇƏKƏNLƏR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Dövlət başçısının tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir. Həmin ərazilərdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Bütün bunlarlp yanaşı "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarəti işi təşkil edilib. Azərbaycan sərhədləri, demək olar ki, dost ölkələrlə əhatə olunub. Əldə silah gecə-gündüz sərhəddə keşik çəkən sərhədçilərimiz fədakarlıq göstərirlər. Ulu Öndər Heydər Əliyev ideyalarına, dövlətçiliyə və xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə və ləyaqətlə xidmət edir. Azərbaycan qonşu dövlətlərlə anlaşma şəraitində yaşayır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Bu gün Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsl rəşadət göstərirlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə