QH-nin üzv dövlətləri Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyib ŞƏRH

Bu gün Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. 2011-ci ildən Azərbaycan Respublikası Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul edilmişdir. 2019-cu ildən Qoşulmama hərəkatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik edir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.

Belə bir beynəlxalq təşkilata sədrlik edərkən, Azərbaycan dünyada baş verən hadisələrə obyektiv mövqe nümayiş etdirərək öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

İkinci Qarabağ müharibəsi dövründə Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini yekdilliklə dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr antiazərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu istiqamətdə atılan addımlar müharibə dövründə Azərbaycan Respublikası üçün böyük xarici dəstək əhəmiyyəti daşıyırdı. Çünki müharibə təkcə döyüş meydanın da deyil, həm də siyasi arenada gedirdi. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Təəssüf hissi ilə qeyd etməliyik ki, böyük zəfərə qədər bu məsələlər diqqət kənar qalmışdır. Dünyanın böyük siyasi gücləri bu hadisələrin qarşısını almaq üçün hər hansı əməli tədbirlər görmürdülər. Minsk qrupunun bu istiqamətdəki fəaliyyəti də əyani sübutdur. Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Bütün bu reallıqları nəzərə alan Azərbaycan Respublikası öz iqtisadi və hərbi gücünü artıraraq, əbədi və əzəli torpaqlarını azad etmək iqtidarında olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı. Bu hal Azərbaycanın dünyanın ədalət sisteminə olan inancını zədələsə də, haqlı davamızın yolunda inamla addımladıq. Heç bir haqsızlıq bizi yolumuzdan döndərəcək qədər güclü deyildi. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Böyük məyusluq hissi ilə deməliyik, dünya birliyi 27 il bu haqsızlığa göz yumdu. Verilən qərarların tətbiq edilməsi üçün heç bir əsaslı iş görmədi. Ən əsası, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Bunlara qarşı mübarizə aparmaq, sülhün tərəfdaşı kimi daim siyasi varlığımızı güclü bir şəkildə bildirməliyik.

Məcid Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Firuzabad qəsəbə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə