Xəzəryanı ölkələr arasındakı qonşuluq münasibətləri mühüm amildir

Son dövrlərdə siyasi gündəmimiz olduqca hərəkətlidir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar gündəmi əhəmiyyətli dərəcədə məşğul etməkdədir. Sadəcə son 10 günə nəzər salmaq belə kifayətdir ki, deyilənlər öz təsdiqini tapsın. Bu qısa müddət ərzində Azərbaycan Prezidenti Özbəkistan Respublikasına, Göygöl-Laçın-Kəlbəcər rayonlarına, Türkmənistan Respublikasına səfər etmiş, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak etmişdir. Ölkə başçımızın hər bir səfəri, hər bir konfransda, sammitdə iştirakı öz-özlüyündə olduqca əhəmiyyətli olmaqla, regionun bundan sonrakı yol xəritəsinin çəkilməsində birbaşa rol oynayır. Bu yazımızda Azərbaycan Prezidentinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı və çıxışı ilə bağlı nüanslara diqqət yetirmək istərdim.

İyunun 29-da Aşqabadda baş tutan Sammitdə 5 Xəzəryanı dövlətin lideri - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Ölkə başçımız Sammitdə çıxış edərək Xəzər dənizinin strateji əhəmiyyəti, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və Xəzər dənizinin bugünkü ekoloji problemləri və digər vacib məsələlərlə bağlı fikirlər səsləndirmişdir.

İlk olaraq vurğulamaq istərdim ki, zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Azərbaycan öz növbəsində region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Bu olduqca vacibdir, çünki ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Ölkələr arasındakı qarşılıqlı fəaliyyətin əsas prinsipləri isə dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmət, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsibaşlıqlarından ibarətdir. Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu mənada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. 2018-ci ildə imzalanan bu mühüm sənəd tezliklə qüvvəyə minəcək və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün daha təsirli tədbirlər görülməsi istiqamətində möhkəm hüquqi zəmin yaradacaqdır. Qeyd edək ki, indiyədək Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılmışdır ki, bu layihələrin həyata keçirilməsindəAzərbaycan da özünün sanballı töhfələrini vermişdir.

Azərbaycanın hazırda Avrasiya məkanı üçün mühüm nəqliyyat-logistika mərkəzi olması heç kim üçün sirr deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.Azərbaycandan keçməklə daşınan yüklərin həcminin ildən ilə artması bu səmərəli fəaliyyətin əsas göstəricisidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqdadır. SözügedənLimanın inşa olunması Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə növbəti dəstəyidir. Eyni zamanda şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsindən sonra da bölgədə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı zəmin yaranmışdır. Hazırda ölkəmiz tərəfindən azad olunmuş ərazilərimizdə avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə fundamental işlər aparılır.

Sammitdə müzakirə olunan məsələlərdən biri də Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımların atılması idi. Bu gün bu məsələ Xəzəryanı dövlətlər üçün prioritet olaraq qalmaqdadır. İlin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Dövlət başçımız bununla bağlı danışarkən bildirdi ki, dövlət başçıları arasındakıı məhdud tərkibdə görüşdə dəxüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə fikir mübadiləsi aparılıb. Təəssüf ki dayazlaşma dinamikası narahatlıq doğurur. Ümid edirik ki, Sammitdə aparılan müzakirələr və qəbul edilən qərarlar ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün effektiv rol oynayacaqdır.

Aysel Qəribli

Pirallahı rayon MKTB-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə